Logo
    main-post-cover

    Nobel mükafatlı AlphaFold-un əsas komandası artıq yoxdur

        Google DeepMind süni intellekt sahəsinin ən mühüm elmi layihələrindən biri hesab olunan AlphaFold-un əsas komandasını dağıdıb. Financial Times-ın məlumatına görə, şirkət komandanın aparıcı üzvlərinin böyük hissəsini başqa layihələrə keçirib, bəzi tədqiqatçılar isə Google-dan ayrılıblar. Bu addım Google-un resurslarını getdikcə daha çox Gemini süni intellekt modellərinin inkişafına yönəltməsi ilə əlaqələndirilir. AlphaFold zülalların amin turşusu ardıcıllığı əsasında onların üçölçülü strukturunu yüksək dəqiqliklə proqnozlaşdıran süni intellekt sistemidir. Əvvəllər illərlə davam edə bilən bu proses AlphaFold sayəsində dəqiqələr ərzində həyata keçirilə bilir. Texnologiya hazırda dərmanların hazırlanması, vaksin tədqiqatları, eləcə də Alzheimer və Parkinson kimi xəstəliklərlə əlaqəli zülalların öyrənilməsində istifadə olunur.
    New App: AlphaFold 3 – a game-changing tool for predicting protein  structure – Interactive HPC
        DeepMind AlphaFold üzərində işləməyə 2018-ci ildə başlayıb. 2020-ci ildə sistem biologiyanın təxminən 50 il ərzində həll etməyə çalışdığı məşhur “protein folding”, yəni zülalların qatlanması probleminin həllində böyük irəliləyiş əldə edib. 2021-ci ildə isə Nature jurnalında AlphaFold-un metodologiyası və insan proteomunun struktur proqnozları dərc olunub.
        Daha sonra DeepMind AlphaFold Protein Structure Database-i istifadəyə verib və alimlərə 200 milyondan çox proqnozlaşdırılmış zülal strukturuna pulsuz çıxış təqdim edib. AlphaFold-un elmi əhəmiyyəti 2024-cü ildə ən yüksək səviyyədə qiymətləndirilib: Google DeepMind rəhbəri Demis Hassabis və layihənin əsas tədqiqatçılarından John Jumper AlphaFold üzərindəki işlərinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüblər. Lakin AlphaFold-un orijinal komandası artıq əvvəlki formada fəaliyyət göstərmir. John Jumper iyun ayında DeepMind-dən ayrılaraq Anthropic-ə qoşulacağını açıqlayıb. Komandanın daha bir neçə üzvü də Anthropic-ə keçib. Google DeepMind isə AlphaFold əməkdaşlarının bir hissəsinin şirkət daxilində Gemini ilə əlaqəli layihələrə yönləndirildiyini təsdiqləyib.
    Paylaş