Nvidia 500 milyard dollarlıq AI planını açıqladı
Süni İntellekt
12.08.2026
Sevinj
Nvidia-nın süni intellekt infrastrukturu üçün nəzərdə tutduğu nəhəng maliyyələşdirmə planı investorlar arasında ciddi narahatlıq yaratmışdı. Lakin şirkətin baş direktoru Jensen Huang 500 milyard dollarlıq planın necə işləyəcəyini daha ətraflı açıqladıqdan sonra Nvidia-nın borcları ilə bağlı bazardakı risk gözləntiləri azalmağa başlayıb.
Son həftələr Nvidia-nın borcunu ödəyə bilməməsi riskinə qarşı sığorta kimi istifadə edilən 5 illik kredit defolt svoplarının (CDS) qiyməti təxminən 40 baza bəndindən rekord səviyyə olan 82 baza bəndinə qədər yüksəlmişdi. Eyni zamanda şirkətin səhmləri təxminən 5 % ucuzlaşmış və Nvidia qısa müddətə dünyanın ən dəyərli şirkəti statusunu itirmişdi.
Əsas narahatlıq Nvidia-nın müştəriləri ilə qurduğu maliyyə əlaqələri idi. Şirkət bəzi AI şirkətlərinə və məlumat mərkəzi layihələrinə investisiya yatırır, borclarına zəmanət verir, həmin şirkətlər isə əldə etdikləri vəsaitlə Nvidia-nın öz çiplərini alırlar. Bu model bazarda “dairəvi maliyyələşdirmə” ilə bağlı suallar yaradıb. Yəni Nvidia AI şirkətlərinin maliyyələşməsinə kömək edir, həmin şirkətlər isə öz növbəsində Nvidia məhsullarına milyardlarla dollar xərcləyirlər. Bloomberg-in hesablamasına görə, Nvidia təkcə bu il bu tip təxminən 540 milyard dollarlıq müxtəlif razılaşmalar açıqlayıb.
Paylaş
