Logo
    main-post-cover

    NVIDIA GTC 2026 bu gün başlayır: Süni intellektin növbəti mərhələsi açıqlana bilər

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, texnologiya dünyasının ən çox gözlənilən tədbirlərindən biri olan NVIDIA GTC 2026 bu gün San Jose şəhərində start götürür. 16–19 mart tarixlərində keçiriləcək tədbirə dünyanın 190 ölkəsindən təxminən 30 min iştirakçı qatılır.
        Konfransın əsas çıxışı SAP Center arenasında baş tutacaq. Adətən San Jose Sharks komandasının ev stadionu olan bu məkan iki saatlıq təqdimat üçün texnologiya arenasına çevrilib. Tədbiri yüz minlərlə insan da onlayn izləyəcək.
        Konfransın mərkəzində isə Jensen Huang dayanır. Dünyanın ən dəyərli çip istehsalçılarından birinin rəhbəri olan Huang çıxışında süni intellekt texnologiyalarının növbəti mərhələsinin necə formalaşacağını açıqlayacaq. NVIDIA konfransa güclü maliyyə nəticələri ilə gəlir. Şirkət 2025-ci ilin dördüncü rübündə 68,1 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 73 % artım deməkdir. Son rüblərdə şirkət ardıcıl olaraq rekord gəlir açıqlayıb.
        Huang konfransdan əvvəl yayımlanan açıqlamada süni intellektin artıq sadəcə tətbiq və ya model olmadığını vurğulayıb. Onun sözlərinə görə, AI artıq qlobal infrastrukturun bir hissəsinə çevrilir. Konfrans çərçivəsində 1000-dən çox sessiya keçiriləcək. Bu sessiyalarda robot texnologiyaları, avtonom sistemlər, rəqəmsal “digital twin” modelləri və simulyasiya mühitləri kimi mövzular müzakirə olunacaq.
        Tədbirdə Tesla şirkətinin süni intellekt proqram təminatı üzrə vitse-prezidenti Ashok Elluswamy, Raquel Urtasun və Deepak Pathak kimi sənaye liderləri də çıxış edəcəklər. Xüsusi diqqətçəkən təqdimatlardan biri isə Disney tərəfindən olacaq. Şirkət süni intellektlə idarə olunan robot texnologiyaları vasitəsilə animasiya personajlarını real dünyaya gətirmək üzərində necə işlədiyini nümayiş etdirəcək.
        Konfransın digər mühüm mövzularından biri də süni intellekt məlumat mərkəzlərinin enerji istehlakıdır. 17 mart tarixində Dario Gil AI-nin enerji və iqlim araşdırmalarındakı rolu barədə sessiyada iştirak edəcək. Bundan əlavə, tədbirdə kvant hesablama texnologiyalarına da xüsusi diqqət ayrılıb. Sessiyalardan birində AI ilə kvant texnologiyalarının birləşməsi nəticəsində 2028-ci ilə qədər elmi baxımdan faydalı kvant superkompüterlərinin yaradılması hədəfi müzakirə olunacaq.
    Paylaş