Logo
    main-post-cover

    NVIDIA korporativ AI agentləri üçün açıq platforma hazırlayır

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, süni intellekt sənayesində əsasən güclü çipləri ilə tanınan NVIDIA artıq yalnız hardware deyil, proqram təminatı sahəsində də əsas oyunçuya çevrilmək istəyir. Yeni yayılan məlumata görə, şirkət müəssisələr üçün nəzərdə tutulmuş açıq mənbəli AI agent platforması üzərində işləyir.
        Wired nəşrinin anonim mənbələrə istinadən yaydığı xəbərə əsasən, daxildə “NemoClaw” adı ilə tanınan platforma şirkətlərə əməkdaşların yerinə müəyyən tapşırıqları yerinə yetirə bilən süni intellekt agentləri yaratmağa və idarə etməyə imkan verəcək. Bildirilir ki, NVIDIA artıq məhsulu mümkün təqdimatdan əvvəl Salesforce, Cisco, Google, Adobe və CrowdStrike kimi böyük texnologiya şirkətlərinə təqdim edib.
        Şirkət hələlik platformanın mövcudluğunu rəsmi şəkildə təsdiqləməyib və adı çəkilən tərəfdaşlardan heç biri məsələ ilə bağlı açıqlama verməyib.
         Məlumata görə, NemoClaw şirkətlərə məlumatların emalı, iş proseslərinin idarə olunması və çoxmərhələli tapşırıqların minimum insan nəzarəti ilə icrası üçün AI agentləri qurmağa imkan yaradacaq. Platformada təhlükəsizlik və məxfilik alətlərinin əvvəlcədən inteqrasiya olunacağı bildirilir ki, bu da son dövrdə agent sistemlərində ortaya çıxan təhlükəsizlik problemlərinə cavab kimi qiymətləndirilir.
        Xüsusilə 2026-cı ilin əvvəlində populyarlaşan OpenClaw adlı açıq mənbəli agent platformasında ciddi təhlükəsizlik boşluğu aşkar edildikdən sonra bir sıra böyük texnologiya şirkətləri bu tip alətləri korporativ cihazlarda qadağan etmişdi. NemoClaw-un isə daha təhlükəsiz “enterprise” alternativ kimi mövqeləndirildiyi deyilir.
        Platformanın ən diqqətçəkən xüsusiyyətlərindən biri onun hardware-dən asılı olmaması ola bilər. Yəni sistem yalnız NVIDIA çipləri ilə deyil, digər infrastruktur üzərində də işləyə biləcək. Bu yanaşma şirkətin indiyə qədər developer-ləri CUDA ekosisteminə bağlayan strategiyasından fərqli istiqamət hesab olunur.
        Strategiya Meta-nın Llama açıq modellərində istifadə etdiyi yanaşmaya bənzəyir. Proqram təminatını açıq təqdim etmək, ekosistemi böyütmək və nəticədə artan AI yükü vasitəsilə hardware tələbatını yüksəltmək.
         Layihənin açıq mənbəli olacağı gözlənildiyindən, potensial tərəfdaşların ödənişli lisenziya əvəzinə layihəyə kod, resurs və inteqrasiya töhfələri qarşılığında erkən giriş əldə edə biləcəyi bildirilir.
    Paylaş