Logo
    main-post-cover

    Nvidia-nın da sərmayə qoyduğu Ricursive çip dizaynını süni intellektlə sürətləndirir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt sahəsində tanınmış iki mühəndis Anna Goldie (CEO) və Azalia Mirhoseini (CTO) qurduqları Ricursive Intelligence startapı ilə cəmi 4 ay ərzində 335 milyon dollar investisiya cəlb etməyi bacarıblar. Şirkətin dəyəri isə artıq 4 milyard dollar olaraq qiymətləndirilir.
    Ricursive Intelligence founders
        Hər iki təsisçi daha əvvəl Google Brain-də çalışıb və süni intellekt sahəsində mühüm layihələrə imza atıblar. Onlar Google-da “Alpha Chip” adlı alət hazırlayıblar. Bu AI sistemi normalda insan mühəndislərin bir ilə qədər vaxt sərf etdiyi çip yerləşdirmə (layout) prosesini cəmi bir neçə saata yerinə yetirə bilirdi. Alpha Chip Google-un üç nəsil Tensor Processing Unit (TPU) çiplərinin dizaynında istifadə olunub.
        Ricursive Intelligence məhz bu təcrübənin davamı kimi yaradılıb. Şirkət çip istehsal etmir, əvəzində çiplərin dizayn prosesini avtomatlaşdıran süni intellekt platforması qurur. Bu, onları Nvidia-ya rəqib edən çip istehsalçılarından fərqləndirir. Əksinə, Nvidia, AMD və Intel kimi böyük çip istehsalçıları potensial müştərilərdir və hətta Nvidia şirkətə investor kimi qoşulub.
        Yeni platforma əvvəlki layihələrdən fərqli olaraq müxtəlif çiplər üzərində öyrənəcək. Yəni bir çipin dizayn təcrübəsi növbəti çipin dizaynını daha da təkmilləşdirəcək. Bundan əlavə, sistem böyük dil modellərindən (LLM) istifadə edərək komponent yerləşdirilməsindən tutmuş dizaynın verifikasiyasına qədər bütün prosesi əhatə edəcək.
    Paylaş