Logo
    main-post-cover

    Nvidia süni intellekt ilə hava proqnozlarını daha dəqiq edir

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Nvidia ABŞ-nin böyük hissəsini vuran qış fırtınası fonunda yeni süni intellekt əsaslı hava proqnozu modellərini təqdim edib. Şirkət iddia edir ki, bu modellər güclü fırtınaları həftələr öncədən daha dəqiq proqnozlaşdıra bilir.
    frozen mail box in snow
        Nvidia tərəfindən təqdim olunan Earth-2 adlı yeni model paketi hava proqnozlarının həm sürətini, həm də dəqiqliyini ciddi şəkildə artırmağı hədəfləyir. Şirkətin açıqlamasına görə, Earth-2 Medium Range modeli 70-dən çox göstərici üzrə Google DeepMind tərəfindən 2024-cü ilin sonunda təqdim edilən GenCast modelindən daha yaxşı nəticə göstərir. GenCast özü isə 15 günə qədər proqnoz verə bilən ənənəvi modellərdən xeyli dəqiq sayılırdı. Nvidia bu yenilikləri ABŞ-nin Hyuston şəhərində keçirilən American Meteorological Society toplantısında elan edib. Şirkətin iqlim simulyasiyaları üzrə direktoru Mike Pritchard bildirib ki, Nvidia mürəkkəb və xüsusi AI arxitekturalarından imtina edərək, daha sadə və miqyaslana bilən “transformer” modellərinə keçid edir.
        Ənənəvi hava proqnozları əsasən real dünyada müşahidə olunan fiziki proseslərin riyazi simulyasiyalarına əsaslanır. Earth-2 isə süni intellekti bu proseslərin mərkəzinə qoyur. Yeni paketə üç əsas model daxildir:
    • Nowcasting – 0–6 saatlıq qısamüddətli proqnozlar yaradır və fırtına, güclü yağış, sel kimi təhlükəli hava hadisələrinin təsirini öncədən qiymətləndirməyə kömək edir. Model regional deyil, peyk müşahidələrinə əsaslandığı üçün dünyanın istənilən yerində istifadə oluna bilər.
    • Global Data Assimilation – hava stansiyaları və meteoroloji şarlar kimi mənbələrdən məlumat toplayaraq qlobal hava vəziyyətinin “canlı şəkillərini” yaradır. Ənənəvi sistemlərdə bu proses superkompüterlərdə saatlar çəkirdisə, Nvidia-nın modeli bunu GPU-larda bir neçə dəqiqəyə icra edə bilir.
    • Medium Range – orta müddətli, yəni bir neçə gün və həftəlik proqnozlar üçün nəzərdə tutulub və əsas texnoloji yenilik məhz bu modeldə cəmlənib.
        Bu modellər Nvidia-nın əvvəlki CorrDiffFourCastNet3 sistemlərinə qoşularaq, daha geniş və çevik hava proqnozu ekosistemi yaradır. Nvidia vurğulayır ki, bu texnologiya yalnız iri və varlı ölkələr üçün deyil. Şirkətin fikrincə, hava proqnozu milli təhlükəsizlik məsələsidir və ölkələr öz hava məlumatlarına nəzarət edə bilməlidir.
    Paylaş