NYT jurnalisti AI nəhənglərinə qarşı məhkəməyə müraciət edib
Süni İntellekt
24.12.2025
Sevinc
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, The New York Times-ın araşdırmaçı jurnalisti bir sıra aparıcı süni intellekt şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb. İddiada xAI, Anthropic, Google, OpenAI, Meta və Perplexity yer alır.
Carreyrou və onunla birlikdə iddia qaldıran beş yazıçı bildirir ki, bu şirkətlər süni intellekt modellərini müəllif hüquqları ilə qorunan kitablar üzərində icazəsiz şəkildə öyrədiblər. Qeyd edək ki, John Carreyrou xüsusilə Theranos tibbi startapının saxtakarlığını üzə çıxaran jurnalist kimi tanınır. Reuters agentliyinin məlumatına görə, bu iş son dövrlərdə AI şirkətlərinə qarşı açılan müəllif hüquqları məhkəmələrinin artdığı bir vaxta təsadüf edir. Bu il ərzində təkcə yazıçılar deyil, kino studiyaları və media qurumları da oxşar iddialarla məhkəmələrə müraciət ediblər. Bunlara Disney, Warner Bros., eləcə də The New York Times və Chicago Tribune daxildir. Bəzi işlər isə razılaşma və lisenziya müqavilələri ilə nəticələnib.
Maraqlı məqam odur ki, bu iddia kollektiv (class action) deyil, məhdud sayda şəxsin birgə müraciəti formasında qaldırılıb. Şikayətdə qeyd olunur ki, texnologiya şirkətləri kollektiv iddialar vasitəsilə minlərlə yüksək dəyərli hüquqi tələbi ucuz məbləğlərlə bağlamağa çalışırlar.
Paylaş