
OpenAI şirkəti süni zəkanın inkişafının dayandırılması cağırışlarına cavab verib
Süni İntellekt
07.04.2023
Emil Nəcəfov
Süni zəka sahəsində fəaliyyət göstərən mütəxəssislər və ümumilikdə İT sahənin bir sıra məşhur şəxsləri mart ayının sonunda açıq məktub tərtib etmişdilər və həmin məktubda müasir süni zəka sistemlərinin hazırlanmasını 6 aylıq təxirə salmaq çağırışını etmişdilər. Süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI şirkəti bu məsələ ilə bağlı fikirlərini səsləndirib və nəyə görə neyron şəbəkələri üzərində əvvəlki templə çalışacağını başa salıb. OpenAI sözügedən mövzuda fikirlərini öz saytında yerləşdirib. OpenAI süni zəkanın təhlükəsiz şəkildə qalmasını təmin etmək üçün görülən tədbirlərdən danışaraq süni zəkanın inkişafına qarşı olan hər kəsi sakitləşdirməyə çalışıb. Şirkət qeyd edib ki, o, ChatGPT-nin idarəsiz inkişafının bütün risklərini başa düşür və onun sadəcə fayda gətirməsini təmin etmək üçün əlindən gələni edir.
Məsələn GPT-4 adlı dil modeli hələ yarım il bundan öncə hazır olmuşdu. Lakin onun ChatGPT-yə inteqrasiyasından öncə şirkət onun zəif tərəflərini aşkar etmək üçün bütün bu müddət ərzində onu test edib.
OpenAI təmsilçiləri həmçinin bildiriblər ki, süni zəkanın ən yaxşı nizamlanma formasını təyin etmək üçün onlar dövlət orqanları ilə daimi şəkildə əlaqədədirlər. “Hansısa texnologiyadan istifadənin müsbət və mənfi tərəflərini öncədən proqnozlaşdırmaq mümkün deyil. Buna görə də müəyyən texnologiyanın real tətbiqindən dərslər çıxartmaq lazımdır” - deyə şirkət qeyd edib. OpenAI düşünür ki, neyron şəbəkələrinin inkişaf prosesinin dayandırılması süni zəkanın təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
Məsələn GPT-3.5-dən fərqli olaraq GPT-4 yolverilməz kontentlərin tərtib edilməsinə 82% daha az meyllidir.
Bundan əlavə olaraq OpenAI konfidensiallıq mövzusuna da toxunub və qeyd edib ki, o, istifadəçilərdən əldə edilmiş məlumatları hansısa qanunsuz məqsədləri üçün istifadə etmir. Şirkət əlavə edib ki, o, istifadəçilərin özəl məlumatlarını yığmır, onları kimlərəsə satmır və onların əsasında istifadəçilərin gizli saxta hesablarını yaratmır. Bütün əldə edilən məlumatlar sadəcə süni zəkanın təkmilləşdirilməsi üçün istifadə edilir. Şirkətin sözlərinə əsasən o, daha təkmilləşdirilmiş süni zəka sistemlərinin istifadəyə verilməsinə daha ciddi yanaşacaq və bu məsələdə təhlükəsizliyin təmin olunmasına böyük diqqət ayıracaq.
Linki kopyala
Həftənin xəbərləri

