OpenAI ABŞ hökumətinə şirkətin 5 %-lik payını verməyi müzakirə edir
Süni İntellekt
03.07.2026
Sevinj
OpenAI ABŞ hökumətinə şirkətin 5 %-lik səhmini vermək imkanını nəzərdən keçirir. Bu barədə Financial Times nəşri məlumat yayıb. Məlumata görə, hazırda təxminən 854 milyard dollar dəyərində qiymətləndirilən OpenAI bu məsələ ilə bağlı ilkin danışıqlar aparır. Şirkətin baş direktoru Sam Altman hökumətin pay sahibi olmasının həm siyasi təzyiqləri azaltmağa, həm də süni intellekt texnologiyalarının iqtisadi faydasını ictimaiyyətlə bölüşməyə kömək edəcəyini düşünür. Son aylarda ABŞ administrasiyası süni intellekt şirkətlərinin yeni modellərinin təqdimatına daha fəal şəkildə müdaxilə edir. Bildirilir ki, hökumət OpenAI-dan gələcək GPT 5.6 modelinin təqdimatını mərhələli şəkildə həyata keçirməyi və modeli əvvəlcə məhdud tərəfdaş qrupuna təqdim etməyi istəyib.
Bənzər vəziyyət yaxın zamanda OpenAI-ın əsas rəqiblərindən biri olan Anthropic ilə də yaşanıb. ABŞ hökuməti şirkətin Claude Fable 5 və Mythos 5 modellərinə xarici istifadəçilərin çıxışını məhdudlaşdıran qərar qəbul etmişdi. Daha sonra tərəflər arasında aparılan danışıqlardan sonra bu məhdudiyyətlər aradan qaldırılıb. Financial Times-ın məlumatına görə, OpenAI hökumətlə mümkün qarşıdurmaların qarşısını almaq və gələcəkdə planlaşdırılan birja çıxışı öncəsi Vaşinqtonla münasibətləri gücləndirmək üçün belə bir addımı nəzərdən keçirə bilər. Qeyd edək ki, hazırda söhbət yalnız ilkin müzakirələrdən gedir və OpenAI ilə ABŞ hökuməti arasında hər hansı rəsmi razılaşma hələ açıqlanmayıb.
Paylaş