OpenAI “ChatGPT for Teachers” xidmətini təqdim edib
Süni İntellekt
20.11.2025
Sevinc
Technote.az Gizmodo platformasına istinadən bildirir ki, OpenAI müəllimlər üçün xüsusi hazırlanmış yeni “ChatGPT for Teachers” xidmətini istifadəyə verib. Şirkətə görə, bu alət müəllimlərə dərs materialları hazırlamaqda kömək edəcək və FERPA (Family Educational Rights and Privacy Act) tələblərini dəstəkləyəcək ki, müəllimlər və məktəb heyəti tələbə məlumatları ilə təhlükəsiz şəkildə işləyə bilsin. OpenAI bildirir ki, bu alətlər paketi 2027-ci ilin iyun ayına qədər pulsuz olacaq.
“ChatGPT for Teachers” konkret olaraq K-12 sinifləri üçün nəzərdə tutulub. OpenAI universitetləri də bu sistemə bağlamaq üçün ayrıca bir plan hazırlayıb. Onlar üçün “ChatGPT Edu” adlı paket mövcuddur. Hazırda bir çox ABŞ universiteti bu proqramı qəbul edib və kampus ekosisteminə daxil edib. Şirkətlər məhsullarını mümkün qədər çox təhsil müəssisəsində yerləşdirmək istəyirlər, çünki bu yerlər model təlimi üçün unikal məlumatlarla zəngindir və həmçinin böyük büdcələrə malikdirlər. Üstəlik, məktəblər bir sistemə keçdikdə onu nadir hallarda dəyişirlər. Elon Musk-ın xAI şirkəti imtahan dövründə tələbələrə Grok çatbotuna pulsuz giriş verdi, Google isə Gemini AI-ı gələn tədris ili sonuna qədər tələbələrə pulsuz təqdim edir.
Bununla belə, qeyd olunub ki, ABŞ-də riyaziyyat nəticələri kəskin şəkildə aşağı düşüb. O qədər ki, UC San Diego universiteti bir çox tələbənin orta məktəb səviyyəsində riyaziyyatı belə bilmədiyi üçün xüsusi hazırlıq kursu açmalı olub. Bəzi şagirdlər isə tapşırıqları özləri öyrənmək əvəzinə LLM-lərə həvalə edirlər.
Mövcud araşdırmalar göstərir ki, AI-dan həddindən artıq istifadə tənqidi düşünmə bacarığını zəiflədir. Məktəb vaxtı bunu inkişaf etdirmək xüsusilə vacibdir. Digər tədqiqatlar insanların çətin kognitiv işləri AI-ə “ötürməyə” meylli olduğunu və bu alətdən istifadə edə bilmədikləri hallarda həmin işləri özlərinin yerinə yetirmək qabiliyyətinin ciddi şəkildə aşağı düşdüyünü ortaya qoyub.
Paylaş