OpenAI ChatGPT-ni “super tətbiq”ə çevirməyə hazırlaşır
Süni İntellekt
08.06.2026
Sevinj
OpenAI yaxın həftələr ərzində ChatGPT-nin yenilənmiş versiyasını istifadəyə verməyi planlaşdırır. Financial Times nəşrinin məlumatına görə, şirkət platformanı süni intellekt əsaslı “super tətbiq”ə çevirmək üzərində çalışır. Yeni versiyada proqramlaşdırma alətləri, AI agentləri və müxtəlif OpenAI xidmətlərinin vahid platformada birləşdirilməsi nəzərdə tutulur. Məqsəd istifadəçilərin bütün ehtiyaclarını bir tətbiq daxilində qarşılamaq və onları ödənişli xidmətlərə yönləndirməkdir.
Bildirilir ki, OpenAI xüsusilə korporativ müştərilər bazarında rəqibi olan Anthropic ilə rəqabəti gücləndirmək istəyir. Şirkət həmçinin gələcəkdə planlaşdırılan IPO-dan əvvəl gəlirlərini artırmağa çalışır. OpenAI-ın əsas məhsul və platforma rəhbəri Tibo Sottio bildirib ki, şirkətin məqsədi istifadəçilərə həm şəxsi, həm də iş həyatında kömək edə biləcək fərdi AI agent təqdim etməkdir. Onun sözlərinə görə, gələcəkdə bu agent istifadəçinin müxtəlif tapşırıqlarını yerinə yetirə, məlumatları idarə edə və gündəlik iş proseslərini avtomatlaşdıra biləcək.
Yeni strategiyanın bir hissəsi olaraq ChatGPT istifadəçiləri OpenAI-ın digər məhsullarına da yönləndiriləcək. Bunlardan biri proqramçı və tərtibatçılar üçün nəzərdə tutulan Codex platformasıdır. Şirkət pulsuz istifadəçilərin bir hissəsini ödənişli xidmətlərə cəlb etməklə gəlirlərini artırmağı hədəfləyir.
Paylaş