Logo
    main-post-cover

    OpenAI ChatGPT-nin cavab keyfiyyətini artıran yeniləmə təqdim edib

        OpenAI ChatGPT-də standart olaraq istifadə olunan GPT-5.5 Instant modelini yeniləyib. Şirkət bildirir ki, yeni versiya istifadəçinin suallarının kontekstini daha dəqiq anlayır, mürəkkəb sorğuları daha yaxşı emal edir və söhbət boyunca verilən əlavə izah və düzəlişlərə daha uyğun cavab verir.
    OpenAI claims GPT-5 model boosts ChatGPT to 'PhD level'
        GPT-5.5 Instant modeli bu ilin may ayında ChatGPT-nin standart modeli kimi istifadəyə verilmişdi. OpenAI həmin vaxt modelin sınaqlar zamanı əvvəlki versiyalarla müqayisədə 52,5% daha az hallüsinasiya (uydurma məlumat) yaratdığını və 37,3% daha az faktiki səhv etdiyini açıqlamışdı. Son yeniləmə ilə model istifadəçinin əsas məqsədini daha dəqiq müəyyənləşdirə bilir və söhbətin əvvəlində verilən məlumatları sonrakı mesajlarda daha effektiv şəkildə nəzərə alır. Bu isə xüsusilə bir neçə mərhələdən ibarət mürəkkəb suallarda və istifadəçi cavabı dəqiqləşdirdikdə daha uyğun nəticələr təqdim etməyə imkan verir.
        OpenAI bildirir ki, GPT-5.5 Instant artıq eyni cavabı təkrarlamaq əvəzinə istifadəçinin əlavə şərtlərinə və etirazlarına uyğunlaşaraq cavabını yenidən formalaşdırır. Beləliklə, ChatGPT ilə dialoq daha təbii və məhsuldar olur. Yenilənmiş model həmçinin məkan kontekstini daha yaxşı anlayır. Məsələn, istifadəçi səyahətdə olarkən yaxınlıqdakı restoranları soruşduqda daha uyğun məkanlar təklif edə, məhsul və biznes tövsiyələri verə, lazım gəldikdə isə cavablarına şəkillər əlavə edə bilir.
        OpenAI qeyd edir ki, bütün bu dəyişikliklər nəticəsində ChatGPT-nin cavabları əvvəlkindən daha axıcı, daha təbii və daha az şablon görünəcək. Yeniləmə ChatGPT-nin standart modeli olan GPT-5.5 Instant vasitəsilə bütün istifadəçilər üçün əlçatan olacaq.
    Paylaş