Logo
    main-post-cover

    OpenAI Çindən idarə olunan kampaniyanı ifşa etdi

        OpenAI Çindən idarə olunduğu ehtimal edilən bir sıra saxta sosial media hesablarının ABŞ-də süni intellekt data mərkəzlərinə qarşı ictimai rəyi manipulyasiya etməyə cəhd göstərdiyini açıqlayıb. Şirkətin yaydığı hesabatda bildirilir ki, bu kampaniyalarda ChatGPT-dən mətn və vizual materialların hazırlanması üçün istifadə olunub.
        Araşdırmaya əsasən, OpenAI bu fəaliyyəti həyata keçirən istifadəçiləri iki əsas qrupa ayırıb. “Data Center Bandwagon” adlandırılan ilk qrup ChatGPT vasitəsilə ingilis dilində paylaşım mətnləri, arqumentlər və komikslər hazırlayaraq ABŞ-də yaşayan adi vətəndaş görüntüsü yaratmağa çalışıb. Hazırlanan materiallarda əsasən süni intellekt data mərkəzlərinin elektrik enerjisinə olan tələbatı artırdığı, bunun isə əhalinin ödədiyi enerji tariflərinin yüksəlməsinə səbəb olduğu vurğulanıb.
    Multi Blog – Multi is joining OpenAI
        Şirkətin məlumatına görə, həmin hesablar müxtəlif sosial şəbəkələrdə amerikalı istifadəçilər kimi çıxış edib və ChatGPT tərəfindən hazırlanan məzmunları paylaşıblar. OpenAI hesab edir ki, bu fəaliyyət Çində fəaliyyət göstərən və yerli dövlət qurumları üçün çalışan özəl bir sosial media komandası tərəfindən koordinasiya olunub. Hətta istifadəçilərin ChatGPT-yə yüklədiyi sənədlərdə ictimai rəyi necə dəyişdirmək, saxta hesabları necə yaratmaq və onların aşkarlanmasının qarşısını almaq barədə strategiyaların yer aldığı qeyd edilir.
        Bununla yanaşı, həmin qrup xaricdə yaşayan çinli dissidentləri və siyasi şərhçiləri hədəf alan təhqiramiz məzmunların hazırlanması üçün də ChatGPT-dən istifadə edib. Onlar ABŞ-də yaşayan çinli mühacir və peşəkarlar kimi görünərək tanınmış şəxsləri ABŞ siyasətinin uğursuzluqları barədə daha çox danışmağa təşviq etməyə çalışıblar.
        Maraqlı məqamlardan biri isə odur ki, paylaşımlarda istifadə olunan bəzi məlumatlar tamamilə uydurma olmayıb. OpenAI bildirir ki, saxta hesablar enerji şəbəkələrinin yükü və data mərkəzlərinin elektrik istehlakı ilə bağlı real xəbər mənbələrinə istinad ediblər. Son illərdə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi səbəbindən bəzi bölgələrdə elektrik qiymətlərinin ciddi şəkildə artması artıq geniş müzakirə olunan real problemdir.
    Paylaş