OpenAI Codex üçün yeni “Spark” modelini təqdim etdi
Süni İntellekt
13.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI cümə axşamı agent əsaslı kodlaşdırma aləti Codex-in yeni, daha yüngül versiyasını təqdim etdiyini açıqlayıb. Yeni model GPT-5.3-Codex-Spark adlanır və şirkətin sözlərinə görə, əsas versiyanın daha sürətli işləyən, aşağı gecikməli (low latency) variantıdır.
Spark modelinin əsas fərqi onun real vaxtda daha çevik cavab verməsi və sürətli prototipləmə üçün optimallaşdırılmasıdır. OpenAI bildirir ki, bu versiya daha çox gündəlik məhsuldarlıq və tez-tez iterasiya tələb edən iş axınları üçün nəzərdə tutulub. Daha ağır və uzunmüddətli tapşırıqlar isə əsas GPT-5.3 Codex modelində qalır. Yeni modelin performansı üçün OpenAI hardware tərəfdaşı Cerebras şirkətinin xüsusi çipindən istifadə edir. Spark Cerebras-ın üçüncü nəsil wafer-scale megasxemi olan Wafer Scale Engine 3 (WSE-3) üzərində işləyir. Bu çip 4 trilyon tranzistorla təchiz olunub və ultra-aşağı gecikməli hesablama imkanları ilə seçilir.
OpenAI və Cerebras arasında əməkdaşlıq ötən ay elan olunmuşdu. Tərəflər 10 milyard dollardan artıq dəyərə malik çoxillik müqavilə imzalayıblar. Şirkət bu tərəfdaşlığı “AI sistemlərinin daha sürətli cavab verməsi üçün hesablama infrastrukturunun gücləndirilməsi” kimi xarakterizə edib. Spark isə bu əməkdaşlığın ilk real məhsulu sayılır.
Paylaş