OpenAI daha ucuz ChatGPT Go abunəliyini qlobal istifadəyə verdi
Süni İntellekt
19.01.2026
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI daha ucuz ChatGPT Go adlı yeni abunə paketini ABŞ-də və qlobal miqyasda istifadəyə verib. Daha əvvəl Hindistanda (avqust ayında) istifadəyə açılan Go paketi, sonradan 170-dən çox ölkədə əlçatan olmuşdu və indi isə rəsmi olaraq bütün dünyada aktivdir.
Aylıq 8 dollar qiymətə təqdim olunan ChatGPT Go, pulsuz versiya ilə 20 dollarlıq ChatGPT Plus paketi arasında yerləşir. Bu paket istifadəçilərə pulsuz versiya ilə müqayisədə daha çox mesaj limiti, daha çox fayl yükləmə və şəkil generasiyası imkanı verir. OpenAI bildirir ki, ChatGPT Go əsasən şirkətin ən son və sürətli modeli olan GPT-5.2 Instant-a daha geniş çıxış istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda pulsuz istifadəçilər GPT-5.2 ilə 5 saatda cəmi 10 mesaj göndərə bilir və bu limit bitdikdən sonra sistem avtomatik olaraq modelin daha sadə (“mini”) versiyasına keçir. Plus abunəçiləri isə 3 saatda 160 mesaj hüququ əldə edir.
Şirkət dəqiq rəqəmləri açıqlamasa da, Go paketinin pulsuz versiyadan təxminən 10 dəfə çox mesaj, fayl və şəkil limiti təqdim edəcəyi bildirilir. Bu isə GPT-5.2 üçün təxminən 100 mesajlıq bir limit demək ola bilər. Bundan əlavə, ChatGPT Go istifadəçiləri pulsuz versiya ilə müqayisədə daha geniş yaddaş (memory) və context window imkanları əldə edəcək. Hazırda pulsuz istifadəçilər üçün kontekst pəncərəsi 16K, Plus üçün isə 32K-dır (reasoning rejimində hər iki paketdə 196K). OpenAI həmçinin bildirib ki, tezliklə ABŞ-də ChatGPT Go paketində reklamlar göstərilməyə başlanacaq. Plus və daha yüksək abunə paketləri isə reklamsız qalacaq.
Paylaş