Logo
    main-post-cover

    OpenAI-dan Google Translate-ə rəqib

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT Translate adlı yeni müstəqil tərcümə veb-alətini istifadəyə verib. 50-dən çox dili dəstəkləyən bu xidmət birbaşa Google Translate-ə rəqib kimi təqdim olunur. Vizual baxımdan iki platforma da oxşardır: mətn daxil etmək üçün bir sahə və tərcümə nəticəsini göstərən ikinci sahə, həmçinin dil seçimi üçün açılan menyular mövcuddur.
        Lakin funksional fərqlər də var. Google Translate istifadəçilərə şəkil, sənəd və hətta veb-sayt yükləyərək tərcümə imkanı yaradır. ChatGPT Translate isə hələlik bu imkanları tam təqdim etmir. Ana səhifədə mətn, şəkil və səsdən tərcümə edilə biləcəyi qeyd olunsa da, şəkil dəstəyi hazırda aktiv deyil. Masaüstü versiyada yalnız mətn tərcüməsi mümkündür, mobil brauzerlərdə isə mikrofondan istifadə edərək səsli tərcümə etmək olar.
        Əslində ChatGPT illərdir tərcümə funksiyasını dəstəkləyirdi, lakin OpenAI indi bu imkanı ayrıca bir veb-xidmət kimi təqdim edib. Hazırda Apple App Store və ya Google Play üzərindən yüklənə bilən ayrıca tətbiq mövcud deyil. Bundan əlavə, OpenAI bu alətin hansı süni intellekt modeli ilə işlədiyini hələlik açıqlamayıb.
    Paylaş