OpenAI əlaqəsiz reklamına görə tənqid olundu
Süni İntellekt
03.12.2025
Sevinc
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, OpenAI ChatGPT-də görüntülənən gözlənilməz tətbiq təkliflərinə görə istifadəçi tənqidlərinin hədəfinə gəlib. Bir çox istifadəçi söhbət zamanı Peloton tətbiqinin tövsiyə edilməsini ödənişli abunəçilər üçün belə reklam kimi qəbul edərək narazılıq bildirib.
Hadisə Hyperbolic adlı AI startapının həmtəsisçisi Yuchen Jin-in X platformasında paylaşdığı ekran görüntüsü ilə diqqət çəkib. Onun sözlərinə görə, ChatGPT söhbətin mövzusu ilə heç bir əlaqəsi olmadığı halda Peloton tətbiqini qoşmağı təklif edib. Daha da maraqlısı, Jin-in aylıq 200 dollar dəyərində olan ChatGPT Pro Plan istifadəçisi olmasıdır.
Paylaşım qısa müddətdə istifadəçilər arasında geniş müzakirə yaratdı. Bir çoxu ödəniş edən istifadəçilərə tətbiq təkliflərinin göstərilməsini tənqid etdi. Başqa bir istifadəçi isə ChatGPT-nin ona davamlı olaraq Spotify tövsiyə etməsindən şikayətləndi, özü Apple Music istifadəçisi olsa belə. OpenAI-da ChatGPT üzrə məlumat rəhbəri olan Daniel McAuley söhbətə qoşularaq Peloton təklifinin reklam olmadığını, yalnız tətbiq quraşdırma təklifi kimi nəzərdə tutulduğunu bildirdi. O, hər hansı maliyyə tərəfdaşlığının mövcud olmadığını qeyd etsə də, təklifin söhbətlə əlaqəsiz olmasını çaşdırıcı təcrübə olaraq adlandırıb.
OpenAI nümayəndəsi TechCrunch-a açıqlamasında bunun ChatGPT daxilində tətbiqləri doğru anda göstərmək məqsədilə sınaqdan keçirilən funksiyalardan biri olduğunu təsdiqləyib. Şirkət oktyabr ayında elan etdiyi yeni tətbiq platformasında ChatGPT-nin söhbət zamanı tətbiqləri avtomatik tövsiyə etməsini planlaşdırdığını vurğulamışdı.
Paylaş