OpenAI GPT-5.2-ni təqdim etdi
Süni İntellekt
12.12.2025
Sevinc
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI artan rəqabət fonunda ən yeni qabaqcıl süni intellekt modeli olan GPT-5.2-ni təqdim edib. Şirkət bu addımı Google-un Gemini 3 modeli ilə güclənən yarışa cavab olaraq atır. GPT-5.2 həm ödənişli ChatGPT istifadəçiləri, həm də developer-lər üçün API vasitəsilə əlçatan olacaq.
Yeni model üç fərqli versiyada təqdim edilir: Instant: gündəlik sürətli sorğular, yazı və tərcümə üçün optimallaşdırılıb.
Thinking: kodlaşdırma, uzun sənədlərin analizi, riyaziyyat və planlama kimi mürəkkəb tapşırıqlarda daha güclüdür. Pro isə maksimum dəqiqlik və etibarlılıq tələb edən çətin problemlər üçün nəzərdə tutulub. OpenAI-ın məhsul üzrə rəhbəri Fidji Simo bildirib ki, GPT-5.2 istifadəçilər üçün daha çox iqtisadi dəyər yaratmaq məqsədi daşıyır. Model cədvəllər yaratmaq, təqdimatlar hazırlamaq, kod yazmaq, şəkilləri anlamaq və uzun konteksti düzgün idarə etməkdə daha bacarıqlıdır.
GPT-5.2-nin təqdimatı CEO Sam Altmanın daxili “code red” memorandumu ilə eyni dövrə təsadüf edir. Həmin sənəddə ChatGPT-nin istifadəçi trafikinin azalması və Google-a bazar payı uduzmaq riski vurğulanmışdı. Bu səbəbdən OpenAI diqqəti reklam planlarından yayındıraraq, məhsulun keyfiyyətinin artırılmasına yönəldib. Şirkət bildirir ki, GPT-5.2 kodlaşdırma, riyaziyyat, elm, görüntü analizi, uzunmüddətli məntiq və alət istifadəsi üzrə yeni "benchmark" nəticələri göstərir. OpenAI-ın öz testlərinə görə, GPT-5.2 Thinking rejimi bir çox məntiq testlərində Gemini 3 və Anthropic-in Claude Opus 4.5 modelini geridə qoyur.
Paylaş