OpenAI GPT-5.3 Instant modelini təqdim etdi
Süni İntellekt
04.03.2026
Ilhama
Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI GPT-5.3 Instant modelini istifadəyə verib. Bu model ChatGPT-də gündəlik sorğuların böyük hissəsini cavablandıran sürətli və ümumi təyinatlı sistemin ən son versiyasıdır. Şirkət bu dəfə tamamilə yeni və daha güclü “frontier” model təqdim etmək əvəzinə, mövcud sistemin keyfiyyətini, cavabların dəqiqliyini və danışıq axıcılığını yaxşılaşdırmağa fokuslanıb.
GPT-5 arxitekturasında “Instant” modellər əsas yükü daşıyır. Daha mürəkkəb və dərin məntiq tələb edən sorğular üçün isə ayrıca, daha güclü hesablama imkanına malik modellər işə düşür. GPT-5.3 Instant bu sistemin birinci mərhələsində yerləşir və milyonlarla gündəlik sualı sürətli şəkildə cavablandırmaq üçün optimallaşdırılıb. GPT-5 platforması çoxsəviyyəli model sisteminə əsaslanır. Yəni bütün sorğular eyni böyük model tərəfindən deyil, mürəkkəblik səviyyəsinə görə fərqli modellər tərəfindən emal olunur. Sadə tapşırıqlar daha yüngül “Instant” modellərə yönləndirilir. Daha çətin analiz və məntiq tələb edən tapşırıqlarda isə güclü modellər aktivləşdirilir.
Bu yanaşma əsasən xərclərin optimallaşdırılması ilə bağlıdır. Böyük və dərin düşünmə qabiliyyətinə malik modellərin hər sorğu üçün işlədilməsi ciddi hesablama xərci yaradar. Buna görə də şirkətlər sürət, xərc və performans arasında balans yaradan çoxmodellı marşrutlaşdırma sistemlərinə üstünlük verirlər. GPT-5.3 Instant məhz bu ön xətt modelinin optimallaşdırılmış versiyasıdır və istifadəçilərin ən çox təmasda olduğu sistem hesab olunur.
Paylaş