OpenAI məhkəmədə qalib gəldi
Süni İntellekt
25.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ məhkəməsi xAI tərəfindən OpenAI-a qarşı qaldırılan kommersiya sirri (trade secret) iddiasını rədd edib. İddiada Elon Musk-a məxsus xAI şirkəti OpenAI-ı keçmiş əməkdaşları vasitəsilə məxfi məlumatları mənimsəməkdə ittiham edirdi.
ABŞ Dairə Hakimi Rita F. Lin qərarında bildirib ki, xAI-ın şikayət ərizəsində OpenAI-ın birbaşa hər hansı qanunsuz hərəkəti göstərilmir. Hakimin sözlərinə görə, iddialar əsasən eyni vaxtda OpenAI-a keçən səkkiz keçmiş əməkdaşın davranışlarına yönəlib. xAI iddia edirdi ki, iki keçmiş əməkdaş OpenAI ilə danışıqlar apardıqları dövrdə şirkətin mənbə kodunu oğurlayıb. Lakin məhkəmə qeyd edib ki, OpenAI-ın həmin əməkdaşlara belə bir göstəriş verməsi ilə bağlı heç bir sübut təqdim olunmayıb. Digər ittihamlara görə isə bəzi keçmiş əməkdaşlar iş yazışmalarını cihazlarında saxlayıb, biri məxfi məlumatlarla bağlı sertifikat təqdim etməkdən imtina edib, digəri isə artıq OpenAI-da işlədiyi dövrdə xAI-ın işə qəbul və data-mərkəz optimizasiyası məlumatlarına daxil olmağa cəhd göstərib.
Hakim qərarında xüsusi vurğulayıb ki, şikayətdə OpenAI-ın özünün hərəkətləri ilə bağlı konkret ittihamlar yer almır. Bundan əlavə, keçmiş əməkdaşların guya əldə etdikləri məxfi məlumatlardan OpenAI-da işlədikdən sonra istifadə etdiklərinə dair də sübut təqdim edilməyib. Bununla belə, məhkəmə iddianı tam bağlamayıb. OpenAI-ın işi ləğv etmək barədə vəsatəti qəbul edilsə də, xAI-a düzəliş edilmiş yeni şikayət təqdim etmək imkanı verilib. Şirkət 17 mart 2026-cı il tarixinədək yenilənmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Paylaş