OpenAI məşhur texnologiya şousu TBPN-i satın aldı
Süni İntellekt
03.04.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI Silikon Vadisində texnologiya, biznes və süni intellekt mövzularını müzakirə edən məşhur TBPN (Technology Business Programming Network) adlı gündəlik canlı şounu satın alıb. Bu, OpenAI tarixində ilk dəfə bir media şirkətinin alınması kimi qeyd olunur.
TBPN 2025-ci ilin mart ayında fəaliyyətə başlayıb və qısa müddətdə startap qurucuları, investorlar və texnologiya rəhbərləri arasında böyük populyarlıq qazanıb. Şou hər gün YouTube və X platformalarında təxminən 3 saat canlı yayımlanır və texnologiya, biznes, süni intellekt və müdafiə sənayesi kimi mövzuları əhatə edir. Şounun aparıcıları keçmiş startap qurucuları Con Kuqan və Jordi Heysdir. Verilişdə Meta şirkətinin rəhbəri Mark Zukerberq, Microsoft-un CEO-su Satya Nadella və OpenAI rəhbəri Sam Altman kimi texnologiya dünyasının ən tanınmış simaları qonaq olublar. TBPN-in hər buraxılışı orta hesabla müxtəlif platformalar üzrə 70 minə yaxın izləyici toplayır.
Məlumata görə, TBPN 2025-ci ildə reklam gəlirlərindən təxminən 5 milyon dollar qazanıb və 2026-cı ildə bu rəqəmin 30 milyon dolları keçəcəyi gözlənilir. Şounun sponsorları arasında Ramp, Plaid, Google Gemini və New York Stock Exchange kimi böyük şirkətlər var. Hazırda TBPN-də 11 nəfər çalışır və şirkət artıq mənfəət əldə edir.
Paylaş