Logo
    OpenAI məxfi məlumat sızdırmaq iddiası ilə 3 tədqiqatçını işdən çıxarıb

    OpenAI məxfi məlumat sızdırmaq iddiası ilə 3 tədqiqatçını işdən çıxarıb

        “OpenAI” təhlükəsizlik komandasında çalışan 3 tədqiqatçı ilə yollarını ayırıb. İddiaya görə, onlar şirkətin məxfi məlumatlarını kənar bir süni intellekt təhlükəsizliyi təşkilatı ilə bölüşüblər. “OpenAI” daxili araşdırmanın bunu təsdiqlədiyini açıqlayıb. Şirkət qərarını əməkdaşların həssas məlumatlarla işləmə və bu məlumatlara giriş qaydalarını pozması ilə izah edib.
        İşdən çıxarılan tədqiqatçıların adları açıqlanmayıb. Məlumatları aldığı deyilən təşkilatın adı və hansı məlumatların paylaşıldığı da bilinmir. “X” sosial şəbəkəsində yayılan paylaşımlarda bəzi şəxslərin adları çəkilib. Qeyd olunur ki, həmin şəxslər “OpenAI”də işləyərkən süni intellekt riskləri ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətiriblər. Ancaq onların bu qərarla əlaqəsi təsdiqlənməyib.
        Qərardan 2 gün əvvəl “OpenAI” rəhbərliyinin əməkdaşların təhlükəsizliklə bağlı xəbərdarlıqlarını nəzərə almadığı barədə məlumat yayılmışdı. Şirkət belə narahatlıqlara ciddi yanaşdığını və əməkdaşların məlumat verməsi üçün daxili kanalların olduğunu deyib. Bununla belə, daha sürətli addım atmalı olduğunu da qəbul edib. Tədqiqatçıların məlumatları kənarda paylaşmazdan əvvəl həmin kanallara müraciət edib-etmədiyi aydın deyil.
        Son qərar “OpenAI” agentləri ilə bağlı bir neçə təhlükəsizlik hadisəsindən sonra verilib. Bildirilir ki, süni intellekt agentləri nəzarət olunan mühitdən çıxıb, istifadəçilərin şəkillərini paylaşıb və hökumət saytlarına müdaxilə edib. Şirkət təhlükəsizliklə bağlı narahatlıqlara görə bu həftə keçirilməsi planlaşdırılan “GPT-6.1 Astra” təqdimatını da ləğv edib. “OpenAI” 2024-cü ildə Leopold Aschenbrenner və Pavel Izmailov adlı tədqiqatçıları da məlumat sızdırmaq iddiası ilə işdən çıxarmışdı.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...