Logo
    main-post-cover

    OpenAI mübahisəsi böyüyür: Elon Musk təzminatdan imtina etdiyini açıqladı

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Elon Musk OpenAI-a qarşı açdığı məhkəmə iddiasında mühüm dəyişiklik edib. O, iddianı yeniləyərək bildirib ki, məhkəməni qazandığı halda tələb etdiyi 150 milyard dollarlıq təzminatın heç bir hissəsini şəxsi olaraq əldə etmək niyyətində deyil.
        “The Wall Street Journal”ın məlumatına görə, Mask mümkün kompensasiyanın OpenAI-ın qeyri-kommersiya (nonprofit) qoluna verilməsini istəyir. Bundan əlavə, o, iddiası uğurlu olarsa, OpenAI-ın baş icraçı direktoru Sam Altman-ın təşkilatın qeyri-kommersiya idarə heyətindən uzaqlaşdırılmasını da tələb edir.
        Musk OpenAI-a qarşı məhkəmə prosesini ilk dəfə 2024-cü ildə başladıb. O iddia edir ki, şirkət ilkin qeyri-kommersiya missiyasından uzaqlaşaraq faktiki olaraq Microsoft korporasiyasının “qapalı mənbəli törəmə qurumuna” çevrilib. Musk-ın fikrincə, OpenAI-ın kommersiya modelinə keçidi təşkilatın qurucu üzvlərindən və donorlarından biri kimi onu aldadıb.
        İddiada qeyd olunur ki, bu dəyişiklik nəticəsində ya Musk-ın özü, ya da OpenAI-ın mövcud qeyri-kommersiya strukturu şirkətin hazırkı yüksək bazar dəyərinin bir hissəsinə iddia edə bilər. Musk və Altman arasında uzun müddətdir davam edən fikir ayrılıqları, həmçinin hər iki tərəfin texnologiya sektorunda tez-tez müzakirə olunan açıqlamaları nəzərə alınarsa, məhkəmə tarixinin yaxınlaşması ilə qarşıdurmanın daha da kəskinləşəcəyi gözlənilir.
    Paylaş