OpenAI-nin Jalapeno çipi Nvidia-nı performans testində geridə qoyub
Süni İntellekt
25.08.2026
OpenAI süni intellekt sistemlərinin daha sürətli cavab verməsini təmin etmək üçün hazırladığı yeni Jalapeno çipinin performansı ilə bağlı ilk nəticələri açıqlayıb. Şirkətin məlumatına görə, xüsusi olaraq süni intellekt modellərinin işlədilməsi üçün hazırlanan çip bəzi göstəricilərdə Nvidia-nın GB200 və GB300 superçiplərini geridə qoyub. Jalapeno ilk dəfə iyun ayında təqdim edilib və OpenAI tərəfindən Broadcom ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. ASIC tipli bu çip əsasən AI inference, yəni əvvəlcədən öyrədilmiş süni intellekt modelinin istifadəçi sorğularını emal etməsi və cavab yaratması üçün nəzərdə tutulub.
OpenAI Jalapeno-nun imkanlarını qiymətləndirmək üçün InferenceX platformasında aparılan performans testlərinin nəticələrini paylaşıb. Testlər zamanı çip GPT-OSS 120B, DeepSeek R1 və Kimi K2.5 1T modellərində Nvidia-nın GB200 və GB300 çipləri ilə qeydə alınmış ən yaxşı nəticələrlə müqayisə edilib. Şirkətin açıqlamasına əsasən, Jalapeno hər vatt enerji müqabilində 1,5–1,9 dəfə daha çox süni intellekt işi yerinə yetirib. Eyni zamanda modellərdən asılı olaraq sorğunun emalının başlanğıcından son nəticəyə qədər olan gecikmə 1,7–3,6 dəfə aşağı olub.
OpenAI-ın aparat təminatı üzrə vitse-prezidenti Richard Ho bildirib ki, süni intellekt infrastrukturlarında adətən aşağı gecikmə ilə yüksək emal qabiliyyəti arasında seçim etmək lazım gəlir. Şirkətin fikrincə, Jalapeño hər iki göstəricini eyni anda yaxşılaşdırmağa imkan verir. Praktik baxımdan bu, ChatGPT kimi süni intellekt xidmətlərində daha sürətli cavablar, daha çevik işləyən AI agentləri və istifadəçi sayı artdığı zaman daha stabil xidmət demək ola bilər. OpenAI Jalapeno çiplərini 2026-cı ilin sonuna qədər məhdud həcmdə istifadəyə verməyi, 2027-ci ildə isə onların sayını tədricən artırmağı planlaşdırır. Şirkət gələn il konkret olaraq neçə çip yerləşdirəcəyini açıqlamayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...