Logo
    main-post-cover

    OpenAI robot vergisi və 4 günlük iş həftəsi təklif edir

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI şirkəti süni intellekt dövrünə hazırlıq məqsədilə geniş iqtisadi və sosial islahatları əhatə edən 13 səhifəlik siyasət sənədi yayımlayıb. “Industrial Policy for the Intelligence Age: Ideas to keep people first” adlı sənəddə robot vergisi, milli sərvət fondu və 32 saatlıq iş həftəsinin sınaqdan keçirilməsi kimi təkliflər yer alıb.
    Exclusive: OpenAI taps Google in unprecedented cloud deal despite AI  rivalry, sources say | Reuters
        OpenAI CEO-su Sam Altman Axios-a müsahibəsində bildirib ki, süni intellektin iqtisadiyyata təsiri tarixdə “Progressive Era” və “New Deal” dövrləri qədər böyük dəyişikliklər yarada bilər. Onun sözlərinə görə, yaxın dövrdə ən böyük risklər süni intellekt vasitəsilə həyata keçirilə biləcək kiberhücumlar və yeni bioloji silahların yaradılmasıdır.
        Sənəddə ən diqqətçəkən təkliflərdən biri milli ictimai sərvət fondunun yaradılmasıdır. OpenAI təklif edir ki, hökumət tərəfindən idarə olunan bu fonda süni intellekt şirkətləri də maliyyə töhfəsi versin, fond isə AI və digər texnologiyalara yatırım edərək əldə olunan gəliri birbaşa vətəndaşlara dividend kimi paylasın. Bu model ABŞ-də neft gəlirlərindən vətəndaşlara illik ödəniş edən Alaska Permanent Fund modelinə bənzədilir.
        Əmək bazarı ilə bağlı sənəddə avtomatlaşdırılmış əməyə vergi tətbiqi və vergi sisteminin əməkhaqqından daha çox kapital gəlirləri və şirkət mənfəətinə yönəldilməsi təklif olunur. Sənəddə qeyd edilir ki, süni intellekt səbəbilə əmək bazarında maaş və iş yerləri azalarsa, mövcud sosial təminat sistemlərinin maliyyələşməsi çətinləşə bilər.
    Paylaş