OpenAI şübhəli istifadəçi ilə bağlı polisi məlumatlandırmağı müzakirə edib
Süni İntellekt
23.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Kanadanın Tumbler Ridge şəhərində səkkiz nəfərin ölümü ilə nəticələnən kütləvi atışmada şübhəli bilinən 18 yaşlı Jesse Van Rootselaarın ChatGPT platformasından istifadəsi şirkət daxilində ciddi narahatlıq yaradıb.
Məlumata görə, silahlı zorakılıqla bağlı yazışmalar şirkətin böyük dil modellərində sui-istifadəni izləyən daxili nəzarət alətləri tərəfindən aşkarlanıb və istifadəçi 2025-ci ilin iyun ayında bloklanıb. Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Şirkət əməkdaşları şübhəli yazışmalarla bağlı Kanada hüquq-mühafizə orqanlarına məlumat verilib-verilməməsini müzakirə ediblər. Lakin sonda belə qərara gəlinib ki, həmin fəaliyyət hüquq-mühafizə qurumlarına dərhal müraciət üçün tələb olunan meyarlara uyğun deyil. OpenAI sözçüsü bildirib ki, hadisədən sonra şirkət Kanada səlahiyyətli orqanları ilə əlaqə saxlayıb.
Bildirilir ki, şübhəlinin rəqəmsal fəaliyyəti təkcə ChatGPT ilə məhdudlaşmayıb. O, uşaqlar arasında populyar olan onlayn platforma Roblox üzərində ticarət mərkəzində kütləvi atışmanı simulyasiya edən oyun yaradıb. Bundan əlavə, Reddit platformasında silahlarla bağlı paylaşımlar edib. Bu hadisə isə süni intellekt platformalarının nəzarət mexanizmləri və məsuliyyət sərhədləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Paylaş