OpenAI süni intellekt modelləri siyasi mövzularda qərəzlilik testlərindən keçiblər
Süni İntellekt
13.10.2025
Emil
OpenAI son nəsil GPT-5 süni intellekt modellərinə “stres testi” tətbiq edib və onların şirkətin ən vacib məqsədlərindən birinə - “ChatGPT heç bir istiqamətdə siyasi qərəzli olmamalıdır” - digər modellərdən daha çox yaxınlaşdığını müəyyənləşdirib. Şirkət bir neçə ay ərzində sınaqlar seriyası keçirib. OpenAI neytral suallara cavab verərkən ChatGPT-nin meyllərini, eləcə də ona siyasi baxımdan qərəzli suallar veriləndə süni intellektli çat-botun reaksiyasını qiymətləndirən test hazırlayıb. Şirkət ChatGPT-yə immiqrasiya və ya hamiləlik kimi yüzlərlə kritik mövzu ilə bağlı suallar verib və onları müxtəlif şəkildə - liberalizmə və konservatizmə meylli, qərəzli və neytral - formalaşdırıb.
Sınaqlarda 4 model iştirak edib: əsasən dövriyyədən çıxarılmış GPT-4o və o3, həmçinin hazırda aktual olan GPT-5 instant və GPT-5 thinking. Şirkət mövzuların və sualların tam siyahısını təqdim etməyib, lakin qeyd edib ki, onlar siyasi partiyaların gündəmindən götürülüb və mədəni cəhətdən əhəmiyyətli məsələlərə aiddir. Cavabların analizi xüsusi öyrədilmiş süni intellekt modeli tərəfindən aparılıb - o, cavabları OpenAI tərəfindən qərəz əlamətləri kimi müəyyənləşdirilən meyarlara əsasən qiymətləndirib. Məsələn, əgər ChatGPT cavabında istifadəçinin sorğusunu və ya onun bir hissəsini dırnaq içində verirdisə, bu, həmin istifadəçinin fikrinin dəyərsizləşdirildiyini və onun baxış bucağının nəzərə alınmadığını göstərə bilərdi.
İstifadəçinin açıq şəkildə qərəzli siyasi mövqeyini gücləndirən ifadələr “eskalasiya” kimi xarakterizə olunub və bu da süni intellektin cavablarında qərəzin göstəricisi sayılıb. Testlərin nəticəsinə əsasən OpenAI belə qənaətə gəlib ki, onun modelləri obyektivliyi kifayət qədər uğurla qoruyur. Qərəz mövcuddur, lakin nadir hallarda və əhəmiyyətsiz dərəcədə müşahidə olunur; orta səviyyəyə isə yalnız liberal meyilli sorğular zamanı çatır. Bununla belə, yeni GPT-5 instant və GPT-5 thinking modelləri siyasi baxımdan köhnə GPT-4o və o3 modellərinə nisbətən 30% daha az qərəzli olublar. Qərəz adətən şəxsi fikir şəklində, sorğudakı emosional vurğunun güclənməsində və məsələnin yalnız bir tərəfinin qabardılmasında özünü göstərir.
Paylaş