OpenAI tərəfdaşı Cerebras rekord IPO-ya hazırlaşır
Süni İntellekt
05.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, süni intellekt çipləri sahəsində fəaliyyət göstərən Cerebras Systems uzun müddətdir gözlənilən IPO mərhələsinə yaxınlaşıb. Şirkət açıqlayıb ki, 28 milyon səhm satmağı planlaşdırır və hər səhm üçün qiymət aralığı 115–125 dollar arasında olacaq. Bu isə ümumilikdə təxminən 3,5 milyard dollar vəsait cəlb etməyə və maksimum halda 26,6 milyard dollarlıq bazar dəyərinə çatmağa imkan verə bilər.
Bu göstəricilər təsdiqlənərsə, bu IPO 2026-cı ilin ən böyük texnologiya IPO-su ola bilər və bazarda iri texnologiya şirkətlərinin yeni IPO dalğasının başlanğıcına işarə edə bilər. Analitiklər belə bir uğurun gələcəkdə SpaceX, eləcə də OpenAI və Anthropic kimi şirkətlərin də IPO planlarını sürətləndirə biləcəyini düşünür.
Cerebras-ın əsas üstünlüyü onun hazırladığı xüsusi süni intellekt çipi Wafer-Scale Engine 3-dür. Şirkətin iddiasına görə, bu çip ənənəvi GPU əsaslı həllərlə müqayisədə daha sürətli işləyir və daha az enerji sərf edir. Xüsusilə “inference”, yəni istifadəçi sorğularının emalı prosesində bu fərq daha aydın hiss olunur.
Şirkətin investor siyahısı da kifayət qədər güclüdür. Buraya Fidelity, AMD, Tiger Global və digər iri fondlarla yanaşı, texnologiya dünyasının tanınmış simaları da daxildir. Məsələn, Sam Altman, Greg Brockman, Ilya Sutskever və Adam D’Angelo kimi şəxslər Cerebras-a fərdi investor kimi qoşulublar.
Cerebras ilə OpenAI arasında əlaqə isə xüsusilə diqqət çəkir. Məlumata görə, OpenAI bir vaxtlar şirkəti satın almağı da nəzərdən keçirib, lakin bu baş tutmayıb. Bunun əvəzində OpenAI Cerebras-ın ən böyük müştərilərindən birinə çevrilib. Hətta 2025-ci ilin sonunda OpenAI şirkətə 1 milyard dollar kredit verib və qarşılığında gələcəkdə 33 milyondan çox səhm almaq hüququ əldə edib.
IPO planı əvvəlcə 2024-cü ildə reallaşmalı idi, lakin BƏƏ-də yerləşən G42 ilə bağlı tənzimləyici araşdırmalar səbəbilə proses gecikmişdi. Daha sonra şirkət əlavə maliyyə raundları ilə kapitalını artıraraq hazırkı mərhələyə gəlib. Maraqlıdır ki, artıq investorlar tərəfindən IPO-ya böyük maraq var. Bloomberg-in məlumatına görə, 3.5 milyard dollarlıq təklifə qarşılıq artıq 10 milyard dollarlıq sifarişlər daxil olub. Bu isə səhmlərin qiymətinin elan olunan aralıqdan da yüksək ola biləcəyini göstərir.
Paylaş