Logo
    main-post-cover

    OpenAI və Infosys AI tərəfdaşlığı elan etdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, OpenAI və Infosys arasında yeni tərəfdaşlıq razılaşması elan olunub. Razılaşmaya əsasən, OpenAI-ın süni intellekt alətləri, o cümlədən proqramlaşdırma köməkçisi Codex, Infosys-in Topaz adlı AI platformasına inteqrasiya ediləcək.
        Infosys bildirib ki, bu inteqrasiya müştərilərə proqram təminatının inkişafını modernləşdirmək, iş proseslərini avtomatlaşdırmaq və süni intellekt sistemlərini geniş miqyasda tətbiq etmək imkanı verəcək. İlkin mərhələdə əsas diqqət proqram mühəndisliyi, köhnə sistemlərin yenilənməsi (legacy modernization) və DevOps proseslərinə yönələcək.
    How Open AI was born
        Son dövrlərdə Hindistanın IT xidmətləri sektoru ciddi təzyiqlərlə üzləşir. Müştəri xərclərinin azalması və generativ süni intellekt texnologiyalarının sürətli inkişafı bazarda qeyri-müəyyənlik yaradıb. Bu fonda Infosys-in səhmləri ilin əvvəlindən etibarən 22 %-dən çox ucuzlaşıb. Ekspertlər hesab edir ki, AI alətləri ənənəvi autsorsinq xidmətlərinin bir hissəsini avtomatlaşdıra bilər.
        Bu əməkdaşlıq, həmçinin AI şirkətləri ilə qlobal IT xidmət təminatçıları arasında formalaşan daha geniş trendin bir hissəsidir. Daha əvvəl OpenAI, HCLTech ilə əməkdaşlıq edib, Infosys isə Anthropic ilə oxşar razılaşma bağlayıb.
        Tərəfdaşlıq OpenAI üçün də strateji əhəmiyyət daşıyır. Şirkət Infosys-in 60-dan çox ölkədə fəaliyyət göstərən geniş müştəri bazası vasitəsilə iri korporativ bazara daha rahat çıxış əldə edəcək. Məqsəd isə şirkətlərin AI sahəsində eksperiment mərhələsindən real və genişmiqyaslı tətbiq mərhələsinə keçidini sürətləndirməkdir.
        Infosys son aylarda AI sahəsində fəaliyyətini aktiv şəkildə genişləndirir. Şirkətin açıqlamasına görə, süni intellekt xidmətlərindən əldə olunan gəlir təkcə bir rübdə 25 milyard rupi (təxminən 267 milyon dollar) təşkil edib ki, bu da ümumi gəlirin 5.5 %-ni təşkil edir.
        OpenAI eyni zamanda korporativ bazarda mövqeyini gücləndirmək üçün yeni təşəbbüslər də irəli sürür. Şirkətin elan etdiyi Codex Labs proqramı çərçivəsində mühəndislər birbaşa müştərilərlə işləyərək AI alətlərinin tətbiqini sürətləndirəcək. Bu təşəbbüsə Accenture, Capgemini, Cognizant, PwC və Tata Consultancy Services kimi şirkətlər də qoşulub. Tərəflər müqavilənin maliyyə detalları barədə məlumat açıqlamayıb.
     
    Paylaş