OpenAI və Thrive Holdings arasında qeyri-adi əməkdaşlıq!
Süni İntellekt
02.12.2025
Sevinc
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, OpenAI əsas investorlarından biri olan Thrive Capital-a məxsus Thrive Holdings şirkətinə investisiya etdiyini açıqlayıb. Thrive Holdings süni intellektdən faydalana biləcək mühasibatlıq və İT xidmətləri kimi sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirən bir növ özəl investisiya platforması kimi çalışır.
Sazişin dəyəri açıqlanmasa da, əməkdaşlıq çərçivəsində OpenAI mühəndislik, tədqiqat və məhsul komandalarından əməkdaşları Thrive Holdings-in portfel şirkətlərinə göndərəcək. Məqsəd isə bu şirkətlərin AI-dan istifadə edərək məhsuldarlığını artırması və daha sürətli böyüməsidir. Portfel şirkətləri inkişaf etdikcə OpenAI-ın payı və qazancı da artacaq.
Bu addım OpenAI-ın son aylarda həyata keçirdiyi “dairəvi” investisiya modelinin növbəti nümunəsi kimi dəyərləndirilir. Məsələn, şirkət daha əvvəl CoreWeave-ə 350 milyon dollar sərmayə yatırmışdı. CoreWeave isə həmin vəsaitlə Nvidia çipləri alıb OpenAI-a hesablama gücü təqdim edir, nəticədə həm öz gəlirini yüksəldir, həm də OpenAI-ın pay dəyərini artırır.
Thrive Holdings isə bu yanaşmanın “dairəvi mexanizmdən” çox real bazar ehtiyacına cavab verdiyini bildirir. Şirkət bildirir ki, portfeldə yer alan Crete kimi mühasibatlıq firmaları artıq yüzlərlə saat iş yükünə qənaət edib, Shield kimi İT şirkətləri isə rəsmi tərəfdaşlıqdan əvvəl də OpenAI texnologiyalarını istifadə edirdilər.
Paylaş