OpenAI yeni GPT-5.4 modelini təqdim etdi
Süni İntellekt
06.03.2026
Sevinc
Technote.az “TNW” platformasına istinadən bildirir ki, OpenAI süni intellekt sahəsində növbəti böyük addımını ataraq yeni GPT-5.4 modelini təqdim edib. Şirkət modeli “peşəkar işlər üçün indiyədək ən güclü və səmərəli modelimiz” kimi təqdim edir.
Yeni model üç fərqli versiyada buraxılıb:
- GPT-5.4 – ümumi istifadə üçün standart versiya
- GPT-5.4 Thinking – daha dərin məntiq və analiz tələb edən tapşırıqlar üçün
- GPT-5.4 Pro – ən yüksək performans tələb edən iş yükləri üçün
ChatGPT platformasında Thinking versiyası Plus, Team və Pro istifadəçiləri üçün əlçatan olacaq. Pro versiyası isə aylıq 200 dollar olan ChatGPT Pro və Enterprise planlarına təqdim edilir. OpenAI-ın açıqladığı nəticələrə görə, yeni model müxtəlif peşə sahələrini əhatə edən GDPval testində insan mütəxəssislərlə müqayisələrin 83 %-ində eyni və ya daha yaxşı nəticə göstərib. Bu göstərici əvvəlki GPT-5.2 modelində 70.9 % idi.
Yeni modelin ən diqqətçəkən xüsusiyyətlərindən biri native computer use funksiyasıdır. Bu funksiya sayəsində model proqramları açmaq, fayllarla işləmək və bir neçə proqram arasında ardıcıl əməliyyatlar aparmaq kimi tapşırıqları yerinə yetirə bilir. Bu xüsusiyyət xüsusilə avtomatlaşdırma və agent sistemləri hazırlayan proqramçılar üçün inteqrasiyanı daha sadə və etibarlı edə bilər. OpenAI həmçinin API versiyasında 1 milyon tokenlik kontekst pəncərəsi təqdim edib. Bu, əvvəlki modeldə olan 400 min token limitindən xeyli böyükdür və uzun sənədlər, böyük kod bazaları və geniş məlumat dəstləri ilə işləyən şirkətlər üçün ciddi üstünlük sayılır. Lakin şirkət bildirir ki, 272 min tokeni keçən girişlər üçün qiymət ikiqat artır.
Süni intellekt sahəsində rəqabət getdikcə artır. Anthropic şirkətinin Claude Opus 4.6 modeli bəzi proqramlaşdırma testlərində hələ də lider hesab olunur. Google isə Gemini 3.1 Pro modeli ilə daha böyük, 2 milyon token kontekst pəncərəsi təklif edir. Bununla belə, OpenAI bildirir ki, GPT-5.4 xüsusilə peşəkar iş tapşırıqları və kompüter istifadə qabiliyyəti üzrə önə çıxır.
Paylaş