Logo
    main-post-cover

    Oracle-ın AI strategiyası minlərlə iş yerinin bağlanmasına gətirib çıxardı

        ABŞ-nin texnologiya nəhəngi Oracle son bir il ərzində 21 min əməkdaşını işdən çıxardığını açıqlayıb. Şirkətin illik hesabatına əsasən, 31 may 2026-cı il tarixinə Oracle-da çalışanların sayı 141 min nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 162 min nəfərlə müqayisədə əhəmiyyətli azalma deməkdir. Oracle bildirib ki, hazırda şirkətin 49 min əməkdaşı ABŞ-də, 92 min nəfəri isə digər ölkələrdə fəaliyyət göstərir. Lakin ixtisarların ölkələr üzrə bölgüsü açıqlanmayıb.
    Oracle says AI helped drive layoffs of 21,000 employees | Ctech
        Şirkət rəsmi sənədlərində qeyd edib ki, davam edən restrukturizasiya proqramı çərçivəsində işçi heyətində dəyişikliklər edilir və bu proses gələcəkdə də davam edə bilər. Oracle ilk dəfə açıq şəkildə etiraf edib ki, süni intellekt texnologiyalarının şirkət daxilində tətbiqi və istifadəsi işçi sayının azalmasına səbəb olub və gələcəkdə də yeni ixtisarlarla nəticələnə bilər.
        Bu dəyişikliklərin həyata keçirilməsi üçün Oracle indiyədək təxminən 1,8 milyard dollar xərc çəkib. Məbləğə işdən çıxarılan əməkdaşlara ödənilən kompensasiyalar da daxildir. Oracle minlərlə əməkdaşını ixtisar etməklə süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin tikintisi üçün əlavə maliyyə resursları yaratmağa çalışır. Şirkət hazırda AI sahəsində ən böyük tərəfdaşlarından biri olan OpenAI üçün genişmiqyaslı məlumat mərkəzləri inşa edir.
        Xatırladaq ki, OpenAI ötən il Oracle ilə ABŞ-da 4,5 giqavatlıq məlumat mərkəzi gücünün təmin olunmasına dair razılaşma imzalamışdı. Bu infrastruktur OpenAI-ın böyük dil modellərinin və digər süni intellekt sistemlərinin işlədilməsi üçün nəzərdə tutulub. Oracle bu addımı atan yeganə texnologiya şirkəti deyil. Son dövrlərdə Microsoft və Meta da AI investisiyalarını artırmaq məqsədilə minlərlə əməkdaşını işdən çıxarıb və ya onları süni intellekt layihələrinə yönləndirib.
    Paylaş