main-post-cover

    Orion kosmik gəmisi Ay ətrafı uçuşdan sonra uğurlu şəkildə Yer kürəsinə geri qayıdıb (VİDEO)

    Süni İntellekt
    11.12.2022
    Farid Pardashunas
        NASA-nın Orion kosmik gəmisi dünən uğurlu şəkildə Sakit okeana düşdü. Beləliklə sözügedən kosmik gəmi Ay ətrafı uçuşu edib Yer kürəsinə geri dönməklə və ümumi olaraq 2.5 milyon km-dən çox məsafə qətt etməklə NASA-nın Artemis-1 adlı Ay missiyasını yekunlaşdırıb. Kosmik gəminin Sakit okeana düşməsi Artemis-1 missiyasının son mərhələsi idi. Qeyd etmək lazımdır ki, bu missiyaya 16 noyabr tarixində start verilmişdi. Həmin tarixdə NASA-nın SLS (Space Launch System) adlı raketi Orion-u Ay ətrafı uçuşa yollamışdı. 25.5 gün ərzində davam etmiş Artemis-1 missiyası çərçivəsində NASA Orion-u kosmosun sərt şərtləri altında test edib. Bütün bunlar yaxın gələcəkdə astronavtları Ay ətrafı uçuşa və daha sonra onları Ayın özünə göndərmək üçün edilib.
        Bu missiya Ayın incələnməsi məsələsində atılmış vacib bir addımdır. Artemis-1 missiyası çərçivəsində Orion kosmik gəmisi 2 dəfə Ay ətrafı uçuşu reallaşdırıb. Həmin uçuşlardan birində kosmik gəmi Ay səthinə rekord məsafədə yaxınlaşıb. Söhbət, 128 km məsafədən gedir. Bundan əlavə olaraq bu missiya zamanı Orion Yer kürəsindən maksimal uzaq məsafəyə yollanıb. Belə ki, missiyanın müəyyən hissəsində o, Yer kürəsindən 430 000 km uzaqlıqda olub. Bu isə astronavtların daşınması üçün nəzərdə tutulmuş kosmik gəmilər arasında rekord göstəricidir. Yer kürəsinin atmosferinə daxil olmamışdan öncə Orion mühərrikə sahib xidməti moduldan ayrılıb.
        Atmosferə daxil olan zaman kosmik gəmi 2760 dərəcə Selsi temperatura tab gətirə bilib. Bu temperatur göstəricisi isə Günəşin səthindəki temperatur göstəricisindən cəmi 2 dəfə aşağıdır. Paraşüt sistemi vasitəsilə Sakit okeana düşmək üçün Orion-un sürəti saatda 40 000 km-dən saatda 32 km-ə kimi düşüb. Artemis-1 missiyasının uğurla yekunlaşması 2024-cü ildə Artemis-2 missiyasının reallaşdırılması üçün yol açır. Qeyd etmək lazımdır ki, Orion kosmik gəmisi Artemis-2 missiyası çərçivəsində Artemis-1 kimi Ay ətrafı uçuşu reallaşdıracaq. Lakin Artemis-1-dən fərqli olaraq Artemis-2 missiyası zamanı Orion daxilində artıq astronavtlar olacaqlar. 2026-cı ildə isə Artemis-3 missiyası baş tuta bilər. Həmin missiya çərçivəsində astronavtlar artıq Ay səthinə ayaq basacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər