main-post-cover

    Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şəraitdə mövcud olublar

    Süni İntellekt
    13.09.2021
    Emil Nəcəfov
        NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxurları uzun müddət ərzində su və duzlu minerallarla əlaqədə olublar. Bu isə o deməkdir ki, Marsda çox güman ki, mikrob həyat növünün olduğu ərazilər mövcuddur. Qeyd etmək lazımdır ki, NASA-nın Perseverance aparatı Mars səthində artıq 2 ədəd dağ süxuru nümunəsini götürə bilib. İndi isə alimlər bildiriblər ki, aparat tərəfindən əldə edilmiş bu nümunələr uzun müddət ərzində su ilə əlaqədə olublar.
        “Görünür, bizim ilk nümunələrimiz potensial davamlı həyat mühitinin mövcudluğundan xəbər verirlər. Suyun həmin ərazidə uzun müddət olması çox vacib faktordur. Bu, Marsda həyat növünün mövcudluğuna işarə edir” - deyə NASA mütəxəssisi qeyd edib. Perseverance aparatı ilk nümunəni 6 sentyabr tarixində, ikinci nümunəni isə 8 sentyabr tarixində əldə edib. Hər iki nümunənin diametri adi qələmin diametrindən bir qədər böyükdür və onların uzunluqları 6 sm təşkil edir. Əldə edilmiş nümunələr artıq aparatın daxilindəki xüsusi bölmədə yerləşirlər.
        Aparat ekvatordan şimalda yerləşən Jezero adlı kraterdə fəaliyyət göstərir. Məlumata əsasən 3.5 milyard il bundan öncə həmin kraterdə göl mövcud olub. Əldə edilmiş nümunələr bazalt tərkiblidirlər və çox güman ki, lava məhsuludurlar. Əgər bu süxurlar uzun müddət ərzində su ilə əlaqədə olublarsa, onların tərkiblərində qədim mikrob həyat növünün dəstəklənməsi üçün münbit şərait ola bilər. NASA 2030-cu illərdə Avropa Kosmik Agentliyi ilə birgə missiya çərçivəsində sözügedən süxur nümunələrini Yer kürəsinə geri qaytarmağı və onları laboratoriya analizlərindən keçirtməyi istəyir.
    Linki kopyala