Prime Video AI əsaslı “Video Recaps” funksiyasını istifadəyə verir
Süni İntellekt
20.11.2025
Sevinc
Technote.az TechCrunch platformasına istinadən bildirir ki, Amazon-un Prime Video xidməti bəzi seriallar üçün süni intellekt tərəfindən yaradılan “Video Recaps” funksiyasını istifadəyə verir. Sözgedən yenilik ilkin olaraq beta versiyada təqdim olunur və çərşənbə günündən etibarən “Fallout”, “Tom Clancy’s Jack Ryan” və “Upload” kimi seçilmiş Prime Originals layihələri üçün əlçatan olacaq.
Prime Video ötən il bunun oxşarı olan “X-Ray Recaps” funksiyasını istifadəyə vermişdi. Həmin funksiya mövsüm və epizodları mətn formatında xülasə edir və spoilerlərin qarşısını almaq üçün xüsusi qoruyucu mexanizmlərə malikdir. Lakin bu dəfə təqdim edilən AI əsaslı video xülasələr artıq daha irəli bir mərhələ hesab olunur və baxış təcrübəsinə daha çox təsir göstərə bilər.
Mətn əsaslı AI xülasələri artıq istifadəçilər üçün adi hala çevrilib. Telefon mesajlarında avtomatik xülasələr, Google axtarışlarının yuxarısında görünən AI nəticələri buna misaldır. Lakin video xülasələr tamamilə yeni yanaşmadır və bəzən istifadəçi təcrübəsinə daha çox müdaxilə edə bilər. Bununla belə, çoxları üçün uzun fasilədən sonra seriallara davam edərkən nə baş verdiyini xatırlatmaq üçün olduqca faydalı ola bilər.
Paylaş