main-post-cover

    Qalaktikamızın mərkəzində yerləşən qara dəlik ətrafında ən yüksək sürətlə dövr edən ulduz kəşf edilib

    Süni İntellekt
    12.07.2022
    Farid Pardashunas
        Alman və çex alimlərdən ibarət olan qrup Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin ətrafında rekord qısa zaman ərzində ən yüksək sürətlə dövr edən ulduzu kəşf edib. Qalaktikamızın mərkəzində yerləşən Oxatan A* (Sagittarius A*) adlı qara dəliyin yaxınlığında ulduzlardan ibarət sıx qruplaşma mövcuddur. Alimlər o qruplaşmanı S ulduzlar qruplaşması adlandırırlar. Bu qruplaşmada müxtəlif kütləyə və parlaqlıq səviyyəsinə sahib 100-dən çox ulduz var. Lakin bu qruplaşmaya daxil olan bütün ulduzlar inanılmaz sürətlə hərəkət edirlər. Alimlər tərəfindən aparılmış yeni tədqiqat onu göstərib ki, S4716 adlı ulduz sözügedən ulduz qruplaşmasına daxil olan digər ulduzlardan daha yüksək sürətə sahibdir.
        Belə ki, onun qara dəlik ətrafında dövretmə sürəti saniyədə 8000 km təşkil edir. Bundan əlavə olaraq alimlər aşkar ediblər ki, S4716 adlı ulduz qara dəlik ətrafında ən qısa dövr müddətinə sahibdir. Belə ki, o, qara dəlik ətrafında tam dövrü 4 ilə reallaşdırır. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, bu ulduz kosmik standartlara əsasən qara dəliyə çox yaxın məsafədə yerləşir. Qara dəlik ilə həmin ulduz arasındakı məsafə 100 AV (Astronomik Vahid / 1 AV = 149.597.870 km) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Günəş sisteminin ən uzaq məsafədə yerləşən planeti olan Neptun Günəşdən 30 AV məsafədə yerləşir və onun Günəş ətrafındakı tam dövrü 164 ilə reallaşır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər