main-post-cover

    Qənaət edilmiş yanacaq hesabına James Webb teleskopu 10 ildən çox fəaliyyət göstərə biləcək

    Süni İntellekt
    30.12.2021
    Farid Pardashunas
        25 dekabr tarixində kosmosa göndərilmiş James Webb teleskopu hələ fəaliyyətə başlamasa da NASA mütəxəssisləri artıq bildiriblər ki, öncədən dəqiq hesablanmış hərəkət manevrləri sayəsində teleskop əvvəlcə planlaşdırılandan daha çox çalışa biləcək. Mütəxəssislər daha öncə güman edirdilər ki, teleskop 10 il ərində çalışa biləcək. Lakin indi məlum olub ki, onun qənaət edilmiş yanacağı hesabına teleskop 10 ildən çox fəaliyyət göstərə biləcək. Teleskop hal hazırda Laqranj nöqtələrindən birinə (L2) istiqamət alıb. Həmin nöqtəyə çatandan sonra teleskop Yer kürəsindən 1.5 milyon km məsafədə olacaq. Sözügedən təyinat nöqtəsinə çatmamışdan öncə NASA mütəxəssisləri teleskopun əsas mühərriklərinin yanacaqlarından istifadə edərək onun istiqamətlənməsini bir qədər tənzimləyiblər.
        İlk istiqamət tənzimlənməsi 25 dekabr tarixində baş verib və 65 dəqiqə vaxt aparıb. İkinci istiqamət tənzimlənməsi isə 27 dekabr tarixində baş verib və 9 dəqiqə 27 saniyə vaxt aparıb. James Webb missiyasından cavabdeh olan NASA komandası öz növbəsində istiqamətin tənzimlənməsi üzrə hesablamaları dəqiq şəkildə reallaşdırıb. Daha sonra məlum olub ki, buna öncə planlaşdırılandan daha az yanacaq sərf edilib. Nəticədə teleskopun həm əsas mühərriklərində həm də istiqamət tənzimlənməsi üçün nəzərdə tutulmuş mühərriklərində əlavə yanacaq qalıb.
        Qeyd etmək lazımdır ki, yanacaq kosmik texnikanın fəaliyyət dövrünə təsir göstərən əsas faktorlardan biridir. Belə ki, yanacaq kosmik texnikanın istiqamətini və vəziyyətini idarə etməyə imkan verir. İlk öncə mütəxəssislər düşünürdülər ki, James Webb teleskopu 5-10 il ərzində fəaliyyət göstərəcək. İndi isə NASA bildirib ki, qənaət edilmiş yanacaq hesabına teleskop 10 ildən çox fəaliyyət göstərə biləcək. Hal hazırda teleskop öz sistemlərinin tədricən işə düşmə prosesindədir və bunun üçün ona 20 gün vaxt lazım olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər