Logo
    main-post-cover

    Reddit süni intellektlə alış-veriş axtarışını test edir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Reddit süni intellektlə işləyən yeni axtarış funksiyasını sınaqdan keçirməyə başlayıb. Şirkətin açıqlamasına görə, ABŞ-də kiçik istifadəçi qrupu artıq axtarış nəticələrində interaktiv məhsul karuselləri görəcək.
        Bu karusellərdə məhsulların şəkilləri, qiymətləri və birbaşa satınalma linkləri təqdim olunur. Funksiya icma üzvlərinin müzakirələrdə tövsiyə etdiyi məhsulları analiz edir və onları Reddit-in alış-veriş və reklam tərəfdaşlarının məhsulları ilə uyğunlaşdırır. Test mərhələsində olan istifadəçilər “ən yaxşı səsboğucu qulaqlıqlar” və ya “tələbə üçün elektron hədiyyə ideyaları” kimi axtarış etdikdə nəticələrin aşağı hissəsində məhsul karuseli görəcəklər.
        Bu məhsullar birbaşa Reddit post və şərhlərində istifadəçilər tərəfindən qeyd edilən tövsiyələr əsasında seçilir. İstifadəçi məhsulun üzərinə klik etdikdə əlavə məlumat görə və daha sonra satıcının saytına yönləndirilərək alış edə bilər. Şirkət bloq paylaşımında bildirib ki, məqsəd Reddit-i daha rahat naviqasiya edilən platformaya çevirmək və eyni zamanda icma baxış bucağını mərkəzdə saxlamaqdır. Bu addım Reddit-in e-ticarət istiqamətində genişlənməsinin davamıdır. Keçən il şirkət fərdiləşdirilmiş məhsul tövsiyələri göstərən Dynamic Product Ads (DPA) adlı ilk alış-verişli reklam modelini istifadəyə vermişdi.

     

    Paylaş