main-post-cover

    Rəhbər vəzifəsində real insan əvəzinə süni zəkanın çalışması şirkəti uğura gətirir

    Süni İntellekt
    22.03.2023
    Emil Nəcəfov
        The Hustle saytı gələcəkdə süni zəka səbəbilə işçi bazarında ola biləcək “inqilab” barəsində fikirlərini bölüşüb. Qeyd etmək lazımdır ki, keçən ilin sentyabr ayında Çinin mobil oyunlar hazırlayan Fujian NetDragon Websoft adlı şirkətinə süni zəka sistemi rəhbərlik etməyə başlamışdı. Söhbət, Tang Yu adlı süni zəka sistemindən gedir. The Hustle saytının jurnalistləri isə bu misal nəticəsində belə qənaətə gəliblər ki, şirkətlərdə rəhbərləri (CEO) süni zəka ilə əvəzləmək real insanları işə götürməkdən daha sərfəlidir. Jurnalistlərin fikirlərinə əsasən CEO vəzifəsi həddən artıq qiymətləndirilir. Fortune 500 siyahısında olan şirkətlərin rəhbərlərinin ortalama maaşları ildə 16 milyon dollar təşkil edir. Son 45 il ərzində bu göstərici 1460% yüksəlib.
        Sıravi əməkdaşların ortalama maaşları isə cəmi 18% yüksəlib. Müqayisə üçün orta statistik rəhbər 399 nəfər sıravi əməkdaşın ümumilikdə əldə etdiyi maaşı əldə edir. Şirkət isə nə qədər böyükdürsə bu nisbət göstəricisi daha ədalətsiz olur. Bundan əlavə olaraq bəzi tədqiqatlar rəhbərin əldə etdiyi ödəniş ilə şirkətin uzunmüddətli effektivliyi arasında olan tərs əlaqəyə işarə edirlər. Məsələn tədqiqatlardan biri onu göstərib ki, ən yüksək maaş əldə edən rəhbərə sahib şirkətlərin 20%-nə 100$ dəyərində yatırılmış investisiya nəticədə 265$ gəlir gətirə bilər. Daha aşağı maaş əldə edən rəhbərə sahib şirkətlərə 100$ dəyərində yatırılmış investisiya isə nəticədə 367$ gəlir gətirə bilər.
    Bu qrafikdə kiçik bir səhv var. Belə ki, qrafikin aşağı sağ hissəsində bu ilin yanvar və fevral ayları qeyd edilməli idi.
        Çox güman məsələ burasındadır ki, rəhbərlərin əmək haqlarının strukturları şirkətlərin uzunmüddətli perspektivdə gəlirlərin yüksəlməsi əvəzinə qısamüddətli gəlirin əldə edilməsinə can atmalarına səbəb olur. Təqdim edilmiş ikinci qrafikə əsasən Tang Yu adlı süni zəka sisteminin Fujian NetDragon Websoft şirkətinə rəhbər kimi təyin olunması heç bir mənfi hallara gətirib çıxartmayıb. Əksinə süni zəka sisteminin rəhbər çalışdığı müddət ərzində şirkətin səhmlərinin dəyəri 18% yüksəlib. Bununla belə Tang Yu analitika ilə məşğul olub, şirkət ilə bağlı bəzi vacib qərarların qəbul edilməsində iştirak edib, risklərin qiymətləndirilməsini aparıb və şirkət daxilində effektiv iş mühitinin yaradılmasında iştirak edib.
        Süni zəka sistemi bütün bunları 24/7 işləyərək reallaşdırıb və bunun müqabilində heç bir maddi mükafatlandırma əldə etməyib. McKinsey şirkətinin qiymətləndirməsinə əsasən bu və ya digər şirkət rəhbərinin vaxtının 25%-i potensial olaraq süni zəka tərəfindən yerinə yetirilə biləcək işlərə sərf edilir. Söhbət, maliyyə göstəricilərinin analizindən, elektron məktubların göndərilməsindən, tendensiyaların proqnozlaşdırılmasından və s. gedir. Lakin bununla belə mütəxəssislər etiraf edirlər ki, süni zəka qərarların qəbul edilməsi məsələsində hələ real insanla rəqabət apara bilmir. Şirkət rəhbərləri hər il milyardlarla qərar qəbul edirlər və şirkətin maliyyə göstəriciləri ilə qəbul edilmiş qərarların effektivlikləri arasında birbaşa əlaqə mövcuddur.
    Linki kopyala