Salesforce Slack üçün 30 yeni AI funksiyası təqdim etdi
Süni İntellekt
01.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Salesforce şirkəti Slack platforması üçün genişmiqyaslı süni intellekt yeniləməsi təqdim edib. Şirkətin CEO-su Mark Benioff San-Fransiskoda keçirilən təqdimatda Slack üçün 30 yeni AI funksiyasını elan edib. Bu yeniliklər Slack-i sadəcə korporativ mesajlaşma tətbiqi olmaqdan çıxarıb, biznes proseslərini idarə edən platformaya çevirməyi hədəfləyir.
Ən böyük yenilik Slackbot AI agentinin imkanlarının ciddi şəkildə genişləndirilməsidir. Yeni funksiyalar sayəsində Slackbot artıq e-maillər yaza, görüşlər planlaşdıra, məlumatları analiz edə və istifadəçilər üçün avtomatik planlar hazırlaya bilir. Məsələn, istifadəçi Slack-də sadəcə “tədbir üçün büdcə hazırla” yazmaqla Slackbot-a tapşırıq verə bilər. Bot isə şirkətin Slack kanallarından və qoşulu tətbiqlərdən məlumatları toplayaraq plan hazırlayır və avtomatik olaraq müvafiq əməkdaşlarla görüş təyin edir.
Salesforce-un təqdim etdiyi əsas yeniliklərdən biri də “təkrar istifadə edilə bilən AI bacarıqları” funksiyasıdır. Bu funksiya istifadəçilərə Slackbot üçün xüsusi tapşırıqlar yaratmağa və həmin tapşırıqları müxtəlif situasiyalarda avtomatik istifadə etməyə imkan verir. Bundan əlavə, Slackbot artıq Model Context Protocol (MCP) dəstəyinə malikdir. Bu texnologiya Slack-in digər tətbiqlər, AI agentlər və korporativ sistemlərlə birbaşa əlaqə qurmasına imkan verir. Slackbot həmçinin görüşləri avtomatik transkripsiya edə, xülasə hazırlaya və istifadəçilərə tapşırıqları xatırlada bilir. Yeni sistem istifadəçinin təqvimi, yazışmaları, layihələri və iş vərdişlərini analiz edərək növbəti addımlar üçün təkliflər verir və avtomatik cavablar hazırlayır. Salesforce bildirib ki, bu funksiyalar məxfilik nəzarətləri ilə birlikdə təqdim olunur və istifadəçilər məlumat icazələrini özləri tənzimləyə biləcəklər.
Paylaş
Bənzər xəbərlər