Sam Altman Anthropic-in Super Bowl reklamlarına sərt reaksiya verdi
Süni İntellekt
05.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Anthropic Super Bowl zamanı yayımladığı reklam çarxları ilə birbaşa OpenAI və onun məşhur çatbotu ChatGPT-yə eyham vurub.
Anthropic-in yayımladığı dörd reklamdan birində “BETRAYAL” (Xəyanət) sözü böyük hərflərlə ekranda görünür. Kadrlar anası ilə necə danışmalı olduğunu öyrənmək üçün çatbotdan məsləhət alan bir kişini göstərir. İlk baxışda klassik tövsiyələr verən bot, gözlənilmədən uydurma “Golden Encounters” adlı tanışlıq saytının reklamına yönəlir. Reklamın sonunda isə Anthropic bildirir ki, süni intellekt platformalarında reklamlar yayımlana bilər, lakin onların çatbotu Claude üçün bu planlaşdırılmır. Digər reklamda isə qarın əzələsi formalaşdırmaq istəyən gəncə, fiziki məlumatlarını verdikdən sonra, boy uzadan içliklərin reklamı təqdim olunur. Bu səhnələr açıq şəkildə OpenAI-ın ChatGPT-nin pulsuz versiyasında reklamların yer alacağını açıqlamasına işarə edir.
Qeyd edək ki, bu reklamlar mediada Anthropic-in OpenAI-ni “lağa qoyması” və ya “tənqid etməsi” kimi şərh edilib. Maraqlısı budur ki, Sam Altman özü də sosial şəbəkə X-də reklamları izləyərkən güldüyünü etiraf etsə də, daha sonra Anthropic-i “qeyri-səmimi” və “avtoritar” adlandırdığı uzun paylaşım edib. Altman bildirib ki, reklamlı model ChatGPT-ni milyonlarla istifadəçi üçün pulsuz saxlamaq məqsədi daşıyır və OpenAI heç vaxt dialoqu reklam yerləşdirmək üçün manipulyasiya etməyəcək. Bununla belə, şirkət reklamların istifadəçinin mövcud söhbətinə uyğun şəkildə cavabların altında göstərilə biləcəyini də açıqlayıb.
Altman eyni zamanda Anthropic-i bahalı məhsulları yalnız varlı istifadəçilərə təqdim etməkdə və süni intellektdən istifadəyə həddindən artıq nəzarət etməkdə ittiham edib. Halbuki hər iki şirkətin həm pulsuz, həm də ödənişli paketləri, eləcə də məzmun məhdudiyyətləri mövcuddur.
Paylaş