Logo
    main-post-cover

    Sam Altman OpenAI-nin perspektivlərindən və digər mövzulardan danışıb

         OpenAI-nin baş direktoru Sam Altman jurnalistlərlə böyük bir şam yeməyi təşkil edib və söhbət zamanı bir neçə diqqətçəkən açıqlamalar verib. O, şirkətin gələcək kursu barədə danışıb, Chrome brauzerini almağa maraq göstərib, neyrointerfeyslərdən müsbət şəkildə bəhs edib, Apple-a sevgisini etiraf edib, GPT-6-nın buraxılışını yubatmamağa söz verib və Türinq testinin keçildiyini elan edib. Altman-ın fikrincə, ChatGPT-nin hələ də böyük inkişaf potensialı var: “çox tezliklə milyardlarla insan hər gün ChatGPT ilə ünsiyyət quracaq” və daha da irəli gedərək bildirib ki, “əgər biz böyümə sürətini qoruyub saxlasaq, müəyyən bir anda ChatGPT hər gün insanların hamısından daha çox söz deyəcək”. Bu planları həyata keçirmək üçün şirkətə nəhəng, misli görünməmiş vəsaitlər lazım olacaq - OpenAI məlumat mərkəzlərinin tikintisinə trilyonlarla dollar xərcləməyi planlaşdırır.
         Belə vəsaiti cəlb etmək üçün şirkətə yeni maliyyə alətləri icad etmək lazım ola bilər - deyə Altman etiraf edib. Şirkət infərens (yəni süni intellekt modellərinin işə salınması) və onların öyrədilməsi üçün hesablama resurslarının bölüşdürülməsində tarazlıq tapmalıdır. Hazırda şirkət süni intellektin işə salınması üçün resursların genişləndirilməsinə böyük vəsait xərcləyir, amma bazar lideri mövqeyini qoruyub saxlamaq üçün davamlı olaraq öyrətmə ilə məşğul olmalıdır və bu, ucuz proses deyil. “Əgər biz öyrətməyə pul xərcləməsəydik, çox gəlirli şirkət olardıq” - deyə OpenAI rəhbəri etiraf edib. O, istifadəçilərin süni intellektə emosional bağlılıqları problemini də diqqətdən kənarda qoymayıb, lakin qeyd edib ki, artıq indidən alimlər GPT-5-in iştirakı ilə real tədqiqatlar aparmağa başlayıblar. Altman Chrome brauzerini almağa maraq göstərib, əlbəttə ki, əgər ABŞ hakimiyyəti Google-u layihədən imtina etməyə məcbur edərsə.
         O, həmçinin Elon Musk-ın Neuralink startapının fəaliyyət istiqamətini perspektivli adlandırıb və özü də belə bir şirkət yarada biləcəyini istisna etməyib - bəlkə də OpenAI-dən ayrı olaraq. Sam Altman etiraf edib ki, Apple texnikası ilə böyüyüb, onların birgə həyata keçirdiyi layihələr barədə müsbət fikirlər səsləndirib və əməkdaşlıqlarının genişlənəcəyinə ümid etdiyini bildirib. O, həmçinin OpenAI-nin birjada listinqini də istisna etməyib. Sahənin potensial problemlərindən biri kimi isə Altman süni intellektin tətbiqində geri qalan və sadəcə öz layihələrini optimallaşdırmaqla diqqət çəkməyə və istifadəçi iştirakını artırmağa çalışan şirkətləri göstərib. Onun sözlərinə görə, bu cür hallar getdikcə daha çox baş verəcək - bu, minimum səylə uğur qazanmağın effektiv yoludur, amma “bu yaxşı deyil, çox pisdir” və OpenAI bu yolu izləmək niyyətində deyil.
         O, GPT-5-dən sonra çıxacaq yeni böyük modelin vaxtına da toxunub - bu model əvvəlkilərdən daha sürətli olmalıdır və şirkətin artıq bu məsələ ilə bağlı elmi iş planı mövcuddur. Altman şərti olaraq GPT-6-nın dəqiq buraxılış tarixini açıqlamasa da, ümidini ifadə edib ki, interval GPT-4 ilə GPT-5 arasındakı qədər uzun olmayacaq. Altman GPT-5-in yeniliyinin əhəmiyyətsiz, sadəcə təkamül xarakter daşıdığı və müasir modellərin inkişafda müəyyən həddə yaxınlaşdığı fikri ilə razılaşmayıb. Lakin o, məhdudiyyətlərin artıq ChatGPT-nin əsas imkanlarında özünü göstərməyə başladığını etiraf edib. “Modellər hələ də sürətlə təkmilləşir. Maraqlıdır ki, onlar artıq çat formatını doyurublar. Bu mənada onlar daha yaxşı olmayacaqlar. Türinq testi keçilib” - deyə Sam Altman yekunlaşdırıb.
    Paylaş