Samsung-un kodda aşkarlanan AI funksiyası mesaj göndərib zəng vura bilər
Süni İntellekt
16.11.2026
“Samsung”un üzərində işlədiyi görünən “Galaxy Claw” funksiyası süni intellektin “Galaxy” smartfonlarında istifadəçi adından iş görməsinə kömək edə bilər. Yenilik “Personal Agent Core” tətbiqinin tamamlanmamış kodunda aşkarlanıb. Funksiya hələ rəsmi olaraq göstərilməyib və gələcək yeniləmələrdən birinə daxil olub-olmayacağı bilinmir. İndiyədək “Galaxy AI” əsasən sualları cavablandırır, məzmun yaradır, zənglərdəki danışığı mətnə çevirir və fotoları redaktə edirdi.
“Galaxy Claw” telefondakı tətbiq və alətlərlə, eləcə də istifadəçinin qoşduğu xidmətlərlə işləmək üçün hazırlanır. Kodda “Calendar”, “Contacts”, “Phone”, “Messages”, “Gmail”, “Gallery”, “Notifications” və “Voice Recorder” bağlantıları görünür. İnternet axtarışı üçün “Perplexity” də siyahıya daxildir. Funksiya təqvimə tədbir əlavə edə, mesaj göndərə və zəng vura bilər. Bunun üçün foto, mesaj və zənglərə giriş icazəsi lazım olacaq.
Kodda tapşırıqları əvvəlcədən planlaşdırmaq bölməsi də var. İstifadəçi “Galaxy AI” xidmətinə hansı işin nə vaxt və nə qədər tez-tez görüləcəyini söhbət pəncərəsində yaza bilər. Məlumatları əl ilə daxil etmək də olar. Tapşırıqlar saatlıq, gündəlik, həftəlik, yalnız iş günlərində və ya istifadəçinin seçdiyi aralıqlarla təkrarlana bilər. Bundan sonra həmin iş avtomatik görüləcək.
İstifadəçi yaradılmış tapşırığın tarixçəsinə və növbəti dəfə nə vaxt işə düşəcəyinə baxa biləcək. Tapşırığı adlandırmaq, dəyişmək, dayandırmaq, silmək və dərhal başlatmaq seçimləri də var. Kodda enerjiyə qənaət rejiminin tapşırığın icrasını gecikdirə biləcəyi barədə xəbərdarlıq görünür. Bu detal işlərin ən azı bir hissəsinin birbaşa telefonda görülə biləcəyini göstərir.
Tamamlanmamış kodda “Travel Planner”, “Daily Brief” və “Device Cleaner” adlı əlavə funksiyalara, həmçinin ayrıca vidcetə istinad edilir. Ancaq onların hələ hazırlanma mərhələsində olduğu görünür və istifadəçilərə açılacağına zəmanət yoxdur. “Samsung” layihəni işə salsa, “Galaxy AI” sadəcə məlumat verən alətdən telefondakı işləri istifadəçinin əvəzinə görən köməkçiyə çevrilə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar