SAP 18 aylıq AI startapına 1 milyard avro yatırır
Süni İntellekt
06.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Almaniyanın ən böyük texnologiya şirkətlərindən biri olan SAP süni intellekt sahəsində mühüm addım atıb. Şirkət cəmi 18 ay əvvəl yaradılmış Almaniyanın AI startapı Prior Labs-ı satın aldığını açıqlayıb. SAP bu layihəyə qarşıdakı 4 il ərzində 1 milyard avrodan çox investisiya yatıraraq onu strukturlaşdırılmış məlumatlar üzrə ixtisaslaşmış süni intellekt laboratoriyasına çevirməyi planlaşdırır.
Məlumata görə, satınalma məbləği açıqlanmasa da, sövdələşmənin yarım milyard dollardan çox ilkin ödənişlə həyata keçirildiyi bildirilir. Prior Labs Frank Hutter, Noah Hollmann və Sauraj Gambhir tərəfindən yaradılıb və şirkət “Tabular Foundation Models” adlanan xüsusi AI modelləri üzərində çalışır. Bu modellər cədvəllər və verilənlər bazalarındakı məlumatlardan analiz və proqnozlar çıxarmağa imkan verir.
Bu texnologiya xüsusilə SAP üçün böyük əhəmiyyət daşıyır. Çünki SAP-ın maliyyə, HR, satınalma və biznes idarəetməsi proqramları əsasən böyük verilənlər bazaları üzərində işləyir. Şirkət hesab edir ki, klassik dil modellərindən fərqli olaraq bu tip AI sistemləri müəssisə məlumatlarını daha effektiv emal edə bilər.
SAP eyni zamanda AI agentləri ilə bağlı sərt mövqe sərgiləyir. Şirkət yalnız özünün təsdiqlədiyi AI agent arxitekturalarına icazə verəcəyini bildirib. Bu səbəbdən SAP ekosistemində yalnız şirkətin öz “Joule Agents” sistemi və Nvidia ilə əməkdaşlıq çərçivəsində hazırlanan “NemoClaw” kimi həllər dəstəklənəcək. Digər açıq agent texnologiyalarının isə SAP API-lərinə çıxışı məhdudlaşdırılıb.
Prior Labs-ın hazırladığı açıq mənbəli AI modelləri artıq 3 milyondan çox dəfə yüklənib. SAP bildirib ki, şirkət satınalmadan sonra da açıq mənbə strategiyasını davam etdirəcək və laboratoriya müstəqil şəkildə fəaliyyət göstərəcək. Bu addım SAP-ın süni intellekt yarışında geri qalmamaq üçün strategiyasının bir hissəsi hesab olunur. Şirkət son illərdə Anthropic, Aleph Alpha və Cohere kimi AI şirkətlərinə də investisiya yatırıb.
Paylaş