Seedance 2.0 qalmaqalı: Disney ByteDance-i məhkəmə ilə hədələyib
Süni İntellekt
16.02.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, The Walt Disney Company süni intellekt sahəsində növbəti hüquqi qarşıdurmaya start verib. Şirkət ByteDance və onun yeni təqdim etdiyi Seedance 2.0 generativ AI alətini müəllif hüquqlarını pozmaqda ittiham edir.
Axios-un məlumatına görə, Disney ByteDance-ə rəsmi “cease-and-desist” (fəaliyyəti dayandırma tələbi) məktubu göndərib. Məktubda iddia olunur ki, Seedance aləti Disney-in müəllif hüquqları ilə qorunan materiallarından icazəsiz istifadə edərək hazırlanıb. Disney-in iddiasına əsasən, Seedance tərəfindən yaradılmış bəzi videolarda Spider-Man, Darth Vader və Peter Griffin kimi məşhur personajların görüntüləri yer alıb. Bu personajlar müvafiq olaraq Marvel, Star Wars və digər Disney franşizalarına məxsusdur.
Maraqlıdır ki, Seedance 2.0 cəmi bir neçə gün əvvəl təqdim olunmasına baxmayaraq, artıq həm texnologiya dairələrində tərif, həm də Hollivud studiyaları tərəfindən ciddi narazılıqla qarşılanıb. Xüsusilə generativ video imkanları diqqət çəkib. Bu, Disney-in AI şirkətlərinə qarşı ilk hüquqi addımı deyil. Daha əvvəl Character.AI də oxşar səbəbdən xəbərdarlıq məktubu almışdı. Həmçinin Disney bir müddət öncə Google-u da AI modellərinin təlimində müəllif hüquqlarını pozmaqda ittiham etmişdi.
Digər tərəfdən, Disney AI sahəsində tamamilə qarşı mövqedə deyil. Şirkət OpenAI ilə üç illik lisenziya müqaviləsi imzalayaraq, müəyyən şərtlər daxilində Disney-in vizual və video kontentinin AI vasitəsilə istifadəsinə icazə verib. Bu isə göstərir ki, məsələ AI-ın özü deyil, müəllif hüquqlarının qorunması və kommersiya razılaşmalarıdır.
Paylaş