Logo
    main-post-cover

    Sequoia Capital rəqib süni intellekt şirkətlərinə eyni vaxtda yatırım edərək VC qaydalarını pozur

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Sequoia Capital süni intellekt bazarında uzun illərdir mövcud olan “eyni sahədə rəqib şirkətlərə yatırım etməmək” qaydasını pozaraq Anthropic şirkətinə sərmayə qoymağa hazırlaşır. Financial Times-ın məlumatına görə, Sequoia Claude adlı süni intellekt modelinin yaradıcısı olan Anthropic-in iri maliyyələşmə raunduna qoşulan investorlar arasındadır.
        Bu addımın diqqət çəkməsinin əsas səbəbi Sequoia-nın artıq OpenAI və Elon Musk-a məxsus xAI şirkətinə investisiya etmiş olmasıdır. Vençur kapital sektorunda adətən fondlar bir sahədə yalnız bir “qalibə” mərc etməyə üstünlük verirlər. Lakin Sequoia bu yanaşmadan açıq şəkildə uzaqlaşır.
        Məsələ OpenAI rəhbəri Sam Altmanın ötən il məhkəmədə verdiyi ifadələri də yenidən gündəmə gətirib. Altman bildirmişdi ki, OpenAI investorlarına rəqib şirkətlərə tam aktiv investisiya qadağan edilməsə də, OpenAI-ın məxfi məlumatlarına çıxışı olan investorlar rəqiblərə sərmayə qoyduqları halda bu hüququ itirə bilərlər. O, bunu sənayedə “standart praktika” adlandırmışdı.
        Financial Times yazır ki, Anthropic-in maliyyələşmə raunduna Sinqapurun dövlət fondu GIC və ABŞ-nin Coatue investisiya şirkəti rəhbərlik edir və hər biri 1,5 milyard dollar yatırır. Anthropic ümumilikdə 25 milyard dollar və ya daha çox vəsait cəlb etməyi, şirkətin dəyərini isə 350 milyard dollara çatdırmağı hədəfləyir. Bu rəqəm cəmi dörd ay əvvəlki 170 milyard dollarlıq dəyərdən iki dəfədən çoxdur. Microsoft və Nvidia birlikdə 15 milyard dollara qədər yatırım öhdəliyi götürüb, digər investorların isə əlavə 10 milyard dollar və ya daha çox vəsait qoyacağı bildirilir.
        Sequoia ilə Sam Altman arasındakı münasibətlər isə olduqca köklüdür. Altman Stanford Universitetini tərk edərək Loopt startapını quranda Sequoia onun ilk investorlarından olub. Daha sonra Altman Sequoia üçün “scout” kimi çalışaraq Stripe kimi nəhəng şirkətlərin fondla tanış olmasına vasitəçilik edib. Sequoia-nın hazırkı rəhbərlərindən Alfred Lin də Altmanla yaxın münasibətləri ilə tanınır.
       Sequoia-nın xAI-a investisiyası isə bazarda OpenAI-a birbaşa rəqibdən çox, Elon Musk ilə olan uzunmüddətli əlaqələrin davamı kimi qiymətləndirilir. Fond Musk-ın X, SpaceX, Neuralink və The Boring Company kimi layihələrində də pay sahibidir.
        Bu investisiya Sequoia-nın keçmiş mövqeyi ilə kəskin ziddiyyət təşkil edir. 2020-ci ildə fond Stripe ilə rəqabət apardığı üçün Finix adlı ödəniş şirkətindən tamamilə geri çəkilmiş, 21 milyon dollarlıq sərmayəsini geri tələb etmədən şirkətdəki payından və idarəetmə hüquqlarından imtina etmişdi.
       Anthropic-in bu il IPO-ya çıxmağa hazırlaşdığı bildirilir. Sequoia Capital isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
    Paylaş