Logo
    main-post-cover

    Sony AI musiqi generatoru Udio-ya qarşı yeni məhkəmə iddiası qaldırıb

        Sony Music süni intellekt əsaslı musiqi generatoru Udio-ya qarşı müəllif hüquqlarının pozulması ilə bağlı yeni məhkəmə iddiası qaldırıb. Bu, şirkətin 2024-cü ildə Universal MusicWarner Music ilə birlikdə başladığı məhkəmə prosesindən ayrıdır. Yeni iddiada Sony bildirir ki, Udio süni intellekt modellərini öyrətmək üçün şirkətə məxsus 30 117 səs yazısından icazəsiz istifadə edib. Sony bu mahnıları əvvəlki məhkəmə işinə əlavə etmək istəsə də, məhkəmə iyunun 29-da həmin tələbi qəbul etməyib. Bununla belə, hakim müəllif hüquqlarının pozulması ilə bağlı əlavə iddiaların ayrıca qaldırıla biləcəyini qeyd etdiyindən, Sony yeni məhkəmə işi açıb.
    Sony Music reicht zweite Klage gegen KI-Musikdienst Udio ein | MusikWoche
        İddiaya daxil edilən siyahıda Alicia Keys, Dolly Parton, Elvis Presley, Beyonce, Bob Dylan, Britney SpearsMichael Jackson kimi tanınmış ifaçıların məşhur mahnıları yer alır. Sony həmçinin Udio-nu təlim məlumatlarını əldə etmək üçün YouTube platformasından audio faylları icazəsiz yükləməkdə ittiham edir. Udio daha əvvəl YouTube-dan əldə olunan audio məlumatlardan istifadə etdiyini təsdiqləsə də, bunun ABŞ qanunvericiliyində nəzərdə tutulan "fair use" prinsipi çərçivəsində olduğunu müdafiə edib.
        Qeyd edək ki, Udio son aylarda Universal Music və Warner Music ilə lisenziya razılaşmaları imzalayıb. Warner bu əməkdaşlığın könüllü qoşulan musiqiçilər üçün yeni gəlir mənbəyi yarada biləcəyini bildirsə də, Sony belə razılaşmaya qoşulmayıb. Şirkət iddiasında vurğulayır ki, sonradan lisenziya müqavilələri bağlanması Udio-nun əvvəllər müəllif hüquqları ilə qorunan musiqilərdən icazəsiz istifadə etməsini qanuniləşdirmir.
    Paylaş