Logo
    main-post-cover

    Spotify AI ifaçıları tövsiyələrdən çıxaracaq

        Spotify süni intellektlə yaradılmış ifaçı profillərini xüsusi nişanla işarələməyə və onların musiqilərini tövsiyə sistemlərindən çıxarmağa hazırlaşır. Şirkətin açıqlamasına görə, sentyabrın ortalarından etibarən bəzi ifaçı profillərində “AI Persona” nişanı görünəcək. Bu nişan profilin real insanı deyil, süni intellekt vasitəsilə yaradılmış bir ifaçı kimliyini təmsil etdiyini istifadəçilərə göstərəcək. İfaçılar öz profillərini könüllü şəkildə “AI Persona” kimi qeyd edə biləcəklər. Lakin Spotify yalnız bu məlumatlara güvənməyəcək. Şirkət ifaçıların adlarını və profil şəkillərini də yoxlayaraq fotorealistik süni intellekt obrazları ilə yaradılmış profilləri müəyyən etməyə çalışacaq. İlk mərhələdə daha böyük auditoriyaya malik profillər yoxlanılacaq.
        “AI Persona” nişanı ifaçının profilində, “About” bölməsində, axtarış nəticələrində və pleylistlərdə mahnıların yanında göstəriləcək. Ən mühüm dəyişiklik isə Spotify-ın tövsiyə sisteminə aiddir. “AI Persona” kimi işarələnmiş ifaçıların mahnıları standart olaraq Spotify-ın redaksiya və alqoritmik tövsiyələrinə daxil edilməyəcək. Həmin musiqilər istifadəçilərin fərdiləşdirilmiş tövsiyələrində də göstərilməyəcək. Bunun bir istisnası olacaq: istifadəçi özü belə bir AI ifaçını izləyirsə, Spotify onun mahnılarını həmin istifadəçiyə tövsiyə edə biləcək. Şirkət bunu istifadəçinin həmin ifaçının musiqisini dinləmək istədiyini açıq şəkildə bildirməsi kimi qiymətləndirir.
        Spotify bununla süni intellektdən yaradıcı alət kimi istifadə edən real musiqiçilərlə tamamilə süni intellekt əsasında yaradılmış virtual ifaçıları bir-birindən ayırmağa çalışır. Şirkət xüsusilə AI vasitəsilə kütləvi şəkildə hazırlanan aşağı keyfiyyətli musiqilərin platformanı doldurmasının istifadəçi təcrübəsinə mənfi təsir göstərə biləcəyindən narahatdır.
     
    Paylaş