Logo
    main-post-cover

    Spotify-da kodu artıq AI yazır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify şirkəti süni intellektin proqramlaşdırma prosesində dönüş nöqtəsinə çatdığını açıqlayıb. Şirkətin həmtəsisçisi və həmsədri Gustav Söderström dördüncü rüb üzrə maliyyə hesabatı zamanı bildirib ki, “şirkətin ən yaxşı proqramçıları dekabr ayından bəri bir sətr belə kod yazmayıb”.
        Bu açıqlama Spotify-ın daxili AI sistemlərindən aktiv istifadə etdiyini göstərir. Şirkət mühəndislərin işini sürətləndirmək üçün “Honk” adlı daxili platformadan istifadə edir. Sistem generativ süni intellektə əsaslanır və xüsusilə Anthropic şirkətinin hazırladığı Claude modeli ilə inteqrasiya olunub.
        Söderström konkret nümunə də çəkib: Spotify mühəndisi səhər işə gedərkən mobil telefonundan Slack vasitəsilə Claude-a iOS tətbiqindəki bir xətanı düzəltməyi və ya yeni funksiya əlavə etməyi tapşıra bilər. Claude tapşırığı yerinə yetirdikdən sonra tətbiqin yeni versiyası Slack üzərindən mühəndisə göndərilir və o, ofisə çatmamış dəyişiklikləri istehsal mühitinə ötürə bilir. Şirkətin sözlərinə görə, bu sistem proqram təminatının hazırlanma və yayımlanma sürətini “kəskin şəkildə” artırıb.
    Paylaş