Logo
    main-post-cover

    Spotify yeni “Taste Profile” funksiyasını təqdim etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify istifadəçilərin musiqi və kontent tövsiyələrini daha dəqiq şəkildə idarə etməsinə imkan verən yeni Taste Profile funksiyasını elan edib. Platformanın həmsədri Gustav Söderström bu yeniliyi ABŞ-də keçirilən SXSW tədbirində təqdim edib.
        Yeni funksiya süni intellekt dəstəyi ilə işləyir və istifadəçilərə Spotify alqoritminə birbaşa təsir göstərmək imkanı yaradır. Taste Profile istifadəçinin dinləmə vərdişlərini analiz edərək ümumi bir xülasə təqdim edir və “Daha çox danış” (Tell us more) bölməsi vasitəsilə istifadəçidən əlavə seçimlər etməsini istəyir. Beləliklə, istifadəçilər hansı janrları daha çox görmək istədiklərini bildirə və ya qarşılarına tez-tez çıxan, lakin maraqlı olmayan musiqi növlərini alqoritmdən çıxara bilirlər.
       Spotify bildirir ki, sistem yalnız konkret seçimləri deyil, daha ümumi istəkləri də anlaya bilir. Məsələn, marafona hazırlaşan istifadəçi üçün enerjili musiqilər və ya işə gedərkən xəbər podkastları kimi tövsiyələr avtomatik formalaşdırıla bilər.
        Hazırda beta mərhələsində olan Taste Profile funksiyası yaxın həftələrdə əvvəlcə Yeni Zelandiyada Premium istifadəçilər üçün əlçatan olacaq. Şirkət vurğulayır ki, bu funksiya tamamilə könüllüdür və istifadəçilər istəsələr, Spotify-dan əvvəlki kimi istifadə etməyə davam edə bilərlər.
    Paylaş